Aprelin 21-də günün ikinci yarısında Kino Forumunun “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” mövzusunda sonuncu panel iclası keçirildi.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun moderatorluğu ilə reallaşan iclasda “Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid”, “Beynəlxalq kino kontekstində inteqrasiya mexanizmləri”, “Xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri” istiqamətləri üzrə müzakirələr aparıldı.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz, Rusiya Dövlət Film Fondunun icraçı direktoru Fyodor Sosnov, Kann, Venesiya və San-Sebastyan film festivallarının tərtibatçısı olmuş Matyö Darras, Hollivud rejissoru Timur Bekmambetovun “Bazelevs” studiyasının baş prodüseri Lalə Rüstəmova, beynəlxalq media hüququ və əqli mülkiyyət sahəsi üzrə hüquqşünas Levan Nanobaşvili, Kann, Venesiya, Berlin və Sundance festivallarının mükafatçısı, prodüser Giyom de Şeyin adıçəkilən mövzular üzrə məruzələri dinlənildi.
İştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Bununla da, iki gün davam edən forum başa çatdı. Sonda iştirakçıların xatirə fotoları çəkdirildi.
Qeyd edək ki, forumla bağlı Heydər Əliyev Mərkəzində Azərbaycanın 125 illik kino salnaməsini əks etdirən geniş fotosərgi də açılmışdı.