Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda (20-21 aprel) forum keçirildi. Heydər Əliyev Mərkəzində gerçəkləşən Kino Forumunda müasir kinematoqrafiyamızın inkişafı ilə bağlı geniş müzakirələr aparıldı. Tədbirdə Türkiyə, Rusiya, Fransa, Gürcüstandan da kino mütəxəssisləri iştirak edirdi.
Kino istehsalı və yayımı prosesinin bütün mərhələlərinin problemləri forumun panel iclaslarının əsas mövzuları idi. Açılış mərasimində Xalq artisti Rasim Balayevin də vurğuladığı kimi, son 30 ildə sanki ənənələr, sələflər və xələflər arasında bağlar qopub, bir pərakəndəlik yaranıb. Amma onu da unutmayaq ki, Azərbaycanın uzun tarixi olan kinematoqrafiyası ilə, sözün həqiqi mənasında, öyünə bilərik. 125 illik kino salnaməmizin çox parlaq səhifələri yazılıb.
Kino bahalı sənətdir...
Bir neçə il əvvəl Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərovla söhbətimizdə “Kino bahalı sənətdir” fikrini səsləndirmişdi. Bəli, məhz bahalı sənət. Forumun müxtəlif panel mövzuları olsa da, iki gün boyunca bütün yollar elə bu “bahalılıq söhbəti”nə aparıb çıxarır. Nədənsə, kino adamları, kinonun işindən baş açan panel iştirakçıları müasir Azərbaycan kinosunun perspektivini, uğurunu maliyyədə axtardılar.
Kinoşünas deyiləm, amma neçə illərdir bu sahədən yazıb-pozduğum üçün kinomuzun problemlərindən az-çox xəbərdaram və forumu da axıracan izlədiyimdən deyə bilərəm ki, səslənən təklif və problemlər nə qədər idisə, dilə gətirilməyən məsələlər də elə bir o qədər idi...
Əsas məqamlardan biri kadr məsələsi idi ki, bu mövzuda forumun ilk günündə Rasim Balayev öz fikirlərini bildirdi: “Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətinə kölgə salmaq istəmirəm. Aktyoru rejissorlar yetişdirə bilər, amma əsas ssenari və rejissordur. Müsabiqə keçirilsin, heç olmasa, ildə bir dəfə rejissor, operator, ssenarist və ya prodüser xaricə təhsilə göndərilsin. Zamanında bir-iki türk filminə çəkildim. Mən ora gedəndə Türkiyədə bu sahə hələ zəif idi. Söhbət 1992-ci ildən gedir. Sonradan aktyorları xaricə təhsilə göndərdilər. Bu gün isə türk kino məktəbi çox güclüdür. Bu da təhsilin nəticəsidir. Biz də bu gündən başlasaq, bir neçə ildən sonra nəticəsini görəcəyik”.
Rasim müəllimin çıxışı zamanı məni həm də digər sahələr düşündürürdü. Məsələn, bu gün bir qısametrajlı film çəkilirsə belə, onun musiqisi, ssenarisi, aktyorların qrimi və s. məsələlərlə bağlı çatışmazlıqlar var...
Bəşəri ideyalara açıqlıq, yoxsa yad təsirlərə düşmək?
Bu gün hər kəsin istəyidir ki, Azərbaycan öz kinosu ilə dünya arenasına çıxsın. Bəşəri problemləri diqqət mərkəzinə gətirən filmlər çəkilsin. İllər öncə kinoşünas Nadir Bədəlov bir məqaləsində yazırdı: “Tam əminliklə, eyni zamanda klassik, milli sərvətimiz sayılan filmlərimizi unutmamaq şərti ilə deyə bilərik ki, bizim kino hələ yaranmayıb. Onu gənclərimiz, yeni nəsil kinematoqrafçılar yaradacaq. Onların üzərinə nüfuzlu kino festivallarında iştirak edib mükafatlar qazanmaqdan daha böyük vəzifə – kino vasitəsilə vətəndaşlarımızı milli ideologiyamızın subyektinə çevirmək vəzifəsi düşür”.
Forumun panel müzakirələrində bu mövzuda gənclərlə bağlı xeyli tənqidi fikirlər səsləndirildi. Onlarsa bu tənqidi qəbul etmədilər. “Festivallar konyunkturaya çevrilib” kimi fikirlər də birmənalı qarşılanmadı. Bildirildi ki, festival filmlərinin əksəriyyəti bədii ideyalar daşımır. Belə ekran əsərlərində bəzən nə ümumbəşəri mesaja, nə də milli ideologiyaya rast gəlinmir.
Dramaturq, ssenarist, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi dedi ki, ümumbəşəri ideyalar mövzusunda danışarkən, ilk növbədə, insan sevməyi bacarmalıdır. İlk olaraq öz xalqını sevməlisən, sonra bəşəriyyəti: “Yəni yaradıcı insan, dramaturq, ssenarist öz əsərini sevgidən doğurmalıdır, nəinki nifrətdən. Amma əfsus ki, son vaxtlar yaranan əsərlərin əksəriyyəti daha çox sanki nifrət və qəzəbdən doğur. Belə neqativə köklənmiş və nifrətdən doğan sənət əsərləri ilə biz nə xalqımızın sevə biləcəyi filmlər ərsəyə gətirə bilərik, nə də başqa xalqların diqqətini cəlb edə bilərik. Hər şey sevgidən başlayır. Vətən sevgisi, sənət sevgisi və insan sevgisi. Ələlxüsus insan sənətini və bu sənətdəki insanları sevməlidir. Nə qədər ki sənətlə sevgi arasında bir uçurum var, düşünürəm ki, nə kinomuz nə teatrımız nə də ədəbiyyatımız xalqımıza həqiqi mənada hansısa qiymətli bir töhfə verə bilməyəcək”.
Kinoda milli ideologiya yaranmalıdır
SSRİ-nin süqut etməsindən sonra ölkənin digər sektorları kimi, kino da bazar iqtisadiyyatına keçidin çətinlikləri ilə baş-başa qaldı. Çox ağır keçən ilk illərdə yaradıcılıq sahələri dayanmaq həddinə çatdı. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsinə diqqət və qayğı göstərildi, bu istiqamətdə bir canlanma yarandı.
Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirdi ki, biz artıq 30 ildir müstəqil ölkəyik. Müstəqil ölkə müstəqil sənət tələb edir, o cümlədən də kino sahəsində: “Kinoda ideoloji xətti tutmalıyıq. Milli ideologiya yaranmalıdır. Kino millətin güzgüsü olmalıdır. Xalq filmə baxanda özünü dərk etməlidir. Qarabağ Zəfərindən sonra biz sanki yenidən göz açmışıq və bu hiss kino sənətində də özünü göstərməlidir”.
Sahənin inkişafını təmin edəcək mexanizmlər işə düşməlidir
“Kino əmtəə vahidi, yaradıcılıq və təbliğat daşıyıcısıdır”, – deyən Əməkdar incəsənət xadimi, kinorejissor Rafiq Quliyev bildirdi ki, kino təkcə əyləncə vasitəsi deyil, həm də biznesə xidmət edir: “Biz dünya kinosuna, qlobal kinematoqrafa daxil olmaq istəyiriksə, artıq dünyada işlənən mexanizmlərdən istifadəni bacarmalıyıq. Forumda xaricdən də mütəxəssislər var. Onlar bizimlə öz təcrübələrini bölüşüb əlaqələr yaratmaq fikrində olduqlarını bildirdilər. Həm məruzələrdə, həm də digər iştirakçıların fikir və təklifləri maraq doğurur. Problemlərə gəlincə, istehsalatla bağlı məsələlər həmişə olub. Prokat və yayım problemlərimiz var. Tamaşaçı kinoteatrsız qalıb. Özəl kinoteatrların öz şərtləri var, bəzən isə Azərbaycan filmlərinin nümayişinə meyil göstərmirlər. Forumdakı müzakirələr göstərdi ki, Kino Agentliyinin üzərinə böyük məsuliyyət düşür. Gələcəkdə kinonun inkişafını təmin edəcək mexanizmlər düşünülməli, qanunvericilikdən tutmuş istehsal münasibətlərinə qədər bütün incəliklər nəzərdə keçirilməli, işlək mexanizm yaradılmalıdır”.
Xarici mütəxəssislər nə deyir?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz ölkəsində kino sənayesinin inkişaf mərhələlərindən danışdı. Dedi ki, Azərbaycanın film istehsalçıları türkiyəli həmkarları ilə əməkdaşlıq edə bilərlər. Bunun üçün imkan və şərait var. Qeyd olundu ki, 2022-ci ildə Türkiyədə 200-ə yaxın beynəlxalq film layihəsi reallaşdırılıb. Hazırda qardaş ölkədə hər il orta hesabla 150 film ərsəyə gətirilir. 2004-cü ildə kino haqqında qəbul edilmiş qanun sayəsində Türkiyə bu istiqamətdə inkişafa nail oldu: “Türk filmlərinin dünyada sevilməsinin əsas məğzi özəl hekayələrin olmasıdır. Ölkədə yerli filmlərin izlənməsi 56 faiz təşkil edir”.
Rusiya Dövlət Film Fondunun icraçı direktoru Fyodor Sosnovun paylaşdığı təcrübə də maraqla qarşılandı. Fondun təşkili və fəaliyyət mexanizmləri haqqında məlumat verən qonaq dedi ki, 1994-cü ildə dünya və Rusiya kinematoqrafiyasının 100 illik yubileyinə hazırlıq çərçivəsində Rusiya Federasiyasının Kinematoqrafiya Komitəsi Daxili Kinematoqrafiyaya Sosial-İqtisadi Dəstək Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bir il sonra hökumət bu fondun yaradılması haqqında fərman verdi. Fondun əsas məqsəd və vəzifələri yerli kinematoqrafiyanın dəstəklənməsi, rəqabət qabiliyyətinin artırılması, milli maraqlara cavab verən yüksəkkeyfiyyətli filmlərin yaradılması üçün şəraitin təmin edilməsi, habelə milli filmlərin Rusiyada və xaricdə populyarlaşdırılmasıdır.
Kann, Venesiya və San-Sebastyan film festivallarının tərtibatçısı olmuş Matyö Darras, Hollivud rejissoru Timur Bekmambetovun “Bazelevs” studiyasının baş prodüseri Lalə Rüstəmova, beynəlxalq media hüququ və əqli mülkiyyət sahəsi üzrə hüquqşünas Levan Nanobaşvili, Kann, Venesiya, Berlin festivallarının mükafatçısı, prodüser Giyom de Sey Azərbaycanın tarixi ilə maraqlandıqlarını və Azərbaycan filmlərinin dünyaya çıxarılmasında maraqlı olduqlarını bildirdilər. Qeyd olundu ki, yerli film festivalları da ümumi inkişafa töhfə verə bilər. Eyni zamanda kino sahəsində qonşu ölkələrlə münasibətlərin qurulması əhəmiyyətli olar.
Bir sözlə, Şərqlə Qərbin kəsişməsində yerləşən zəngin mədəniyyətə malik Azərbaycanda kinonun inkişafı üçün kifayət qədər imkanlar var. Qonaqlar müştərək filmlərin istehsalı, müəllif hüququnun qorunması, studiya və kadr məsələləri ilə bağlı təcrübələrini bölüşdülər.
***
Forumda aparılan müzakirələrdən bir sıra nəticələr hasil etmək olar. Bunların arasında bəlkə də ən vacibi kino xadimlərinin bu sahəyə sevgi və aydın təfəkkürlə yanaşmasıdır. Eqomuzu qırağa qoyub kinomuzun inkişafı üçün çalışmalıyıq. Bir sözlə, Azərbaycanın kinematoqrafiyasının qarşısında əsaslı dəyişilmək kimi çox çətin və zəruri bir vəzifə dayanır. Ümidliyik...
Lalə Azəri