Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gənc opera müğənnisi Məryəm Hacıyevanın solo konserti təşkil olunub.
AMM-in rəhbəri Leyla Qasımova qonaqları salamlayaraq bildirib ki, mərkəz fəaliyyətində azərbaycanlı gənc istedadların üzə çıxması və tanıdılmasına da xüsusi diqqət ayırır. Qeyd edib ki, Məryəm Hacıyeva Azərbaycanda doğulub, yeddi yaşında ailəsi ilə birlikdə İsrailə köçüb, orada musiqi təhsili alıb və bir neçə ildir Avstriyada yaşayır.
Konsertdə Məryəm Hacıyeva bəstəkarlar Üzeyir Hacıbəyli, Niyazi, Asəf Zeynallı, Tofiq Quliyev, eləcə də Volfqanq Amadey Motsart və Cüzeppe Verdinin əsərlərindən parçalar, operalardan ariyalar və mahnılar ifa edib. Onu fortepianoda müşayiət edən Yoanna Soxatska həmçinin Frederik Şopen, Sergey Raxmaninov, Anna Babilova və digər bəstəkarların fortepiano üçün əsərlərini də səsləndirib.