Mədəniyyət Nazirliyinin ötən ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsi maraqlı konsert proqramları ilə davam edir. Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin yetişməsində və tanınması məqsədi daşıyan layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Aprelin 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihənin növbəti konserti keçirildi.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak edirdi.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Ümidə Abbasova və Denis Həsənov (hər ikisi violin) çıxış etdilər.
Ümidə Abbasovanın ifasında F.Mendelsonun “Violin və orkestr üçün 18 nömrəli konsert” (mi minor, op.64, 3 hissədə), Denis Həsənovun təqdimatında isə D.Şostakoviçin “Violin və orkestr üçün 1 nömrəli konsert” (lya minor, op.77, 4 hissədə) əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
***
Ümidə Abbasova 1990-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2007-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2011-ci ildə bakalavr pilləsini, 2013-cü ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə başa vurub. 2012-ci ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim işləyir.
O, 2011-ci ildə İtaliyada keçirilən Don Vincenzo Vitti adına X beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb. 2019-cu ildə Gürcüstanda Vaja Çaçava adına beynəlxalq müsabiqədə iki nominasiya üzrə I yerə və laureat adına layiq görülüb.
Violin ifaçısı Ü.Hacıbəyli, M.Rostropoviç və Qəbələ beynəlxalq musiqi festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə keçirilən plenumların daimi iştirakçısıdır.
***
Denis Həsənov 1994-cü ildə Ukraynanın Luqansk şəhərində anadan olub. 2007-2013-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Mərkəzi musiqi məktəbində, 2013-2018-ci illərdə isə həmin konservatoriyada bakalavr və magistr təhsili alıb. İfaçı 2017-ci ildən Sankt-Peterburq Musiqi evinin solisti kimi fəaliyyət göstərir.
Violin ifaçısı 2021-ci ildə İtaliyanın Qorisiya şəhərində Premio Rodolfo Lipizer müsabiqəsində və Sankt-Peterburq violin ifaçılarının birinci beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.
Tanınmış musiqiçilərin ustad dərslərində iştirak edən Denis Həsənovun 2022-ci ildə İtaliyada rus bəstəkarlarının əsərlərindən ibarət 2 diski işıq üzü görüb.
Nurəddin