Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə konfrans keçirilib
Aprelin 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir. Bu gün Dünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib.
Builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Qadınlar və əqli mülkiyyət: innovasiya və yaradıcılığın sürətləndirilməsi” mövzusuna həsr edilib. Bu mövzu dünya ictimaiyyətinin diqqətini qadın ixtiraçıların, yaradıcıların və sahibkarların fəaliyyətinə yönəldir.
Əlamətdar gün münasibətilə aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyi İdarə heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci ildən başlayaraq Azərbaycanda da qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə keçirilən tədbirlərin əsas məqsədi əqli mülkiyyət, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini göstərməkdir.
Kamran İmanov bildirib ki, Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə hesabatına görə, Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 30-cu, MDB dövlətləri arasında isə 1-ci yeri tutur.
Onun sözlərinə görə, son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. 132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022” hesabatında Azərbaycan “İnnovativ resurslar” alt indeksi üzrə reytinqdə 79-cu yeri tutur. “Tədqiqat və inkişaf” inteqral göstəricisində ölkəmiz mövqeyini yaxşılaşdıraraq 76-cı yerə yüksəlib.
2022-ci ildə daha bir beynəlxalq təşkilat – “Mülkiyyət Hüquqları Alyansı” (“The Property Rights Alliance”) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayıb.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqaları tədbirin əhəmiyyətini vurğulayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra Kamran İmanovun “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq”, Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Nadirə Bədəlbəylinin “Qadın və əqli mülkiyyət: qadın yazıçı, şair və bəstəkar”, agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru müavini Nərgiz Hacıyevanın “Qadın və əqli mülkiyyət: sahibkar qadının fəaliyyətində əmtəə nişanının rolu”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayevanın “Qadın və əqli mülkiyyət: qadın yaradıcılığının inkişafında dövlətin və ailənin rolu” və digər iştirakçıların məruzələri dinlənilib.