Qaliblər aprelin 30-da elan olunacaq

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilir.

Müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil olunub. Seçim turuna 41 xanəndə, 18 instrumental ifaçı olmaqla ümumilikdə 59 nəfər qatılıb. Onlardan xanəndə ixtisası üzrə 20 nəfər, instrumental ifaçılıq üzrə isə 18 nəfər müsabiqənin I turunda iştirak edib.

Aprelin 24-25-də AMK-da müsabiqənin ilk turu üzrə dinləmələr olub. İki gün davam edən dinləmələrdən sonra hər kateqoriya üzrə 8 nəfər ikinci tura keçib.

Aprelin 26-da Milli Muğam Müsabiqəsinin ikinci seçim turu keçirilib. Münsiflər xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə iştirakçıların ifalarını dinləyiblər.

Verilən məlumata görə, qaliblər aprelin 30-da elan olunacaq və müsabiqənin yekun konserti keçiriləcək.

Hər iki kateqoriya üzrə münsiflər heyətinin sədri AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimidir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətində Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərova, xanəndəlik üzrə münsiflər heyətində isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasov yer alıblar.

Müsabiqənin qalibləri – xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.