Milli Muğam Müsabiqəsinin xanəndəlik üzrə qalibi Mirəli Sarızadə:
– Milli Muğam Müsabiqəsində iştirak etdim və münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldüm. Ustadım tanınmış muğam ifaçısı, Əməkdar artist Təyyar Bayramovdur. Münsiflər heyətinin bütün üzvlərinə təşəkkür edirəm. Müsabiqədə çox böyük rəqabət var idi. İlk olaraq müsabiqədə “Mahur-hindi” muğamını ifa etdim, sonra isə “Arazbarı” zərb muğamını oxudum. Görünür, ifam münsiflər heyətinin xoşuna gəldi ki, mən birincilik qazandım.
2017-ci ildə Muğam Televiziya Müsabiqəsinin diplomantı olmuşam. Milli Muğam Müsabiqəsinin bərpa olunmasını gənc ifaçıların tanınması baxımından yüksək qiymətləndirirəm.
Ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında uğurla təmsil etməyə çalışacağam.
***
Milli Muğam Müsabiqəsinin instrumental ifaçılıq üzrə qalibi Vaqif Təhməzov:
– Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə birinci kursda oxuyuram. İxtisas müəllimim Ramiz Əzizov, muğam müəllimim isə Xalq artisti Elçin Həşimovdur. Müsabiqəyə qatılmağımda Elçin müəllimin böyük zəhməti olub. Onun çəkdiyi əmək hədər getmədi, mən var qüvvəmlə müəllimimin ümidini doğrultmağa çalışdım və buna da nail oldum. Biz birlikdə bu müsabiqəyə böyük zaman ayırdıq, xüsusi hazırlaşdıq. Müsabiqə çox böyük rəqabətlə keçdi.
Müsabiqədə “Tar sədası” adlı kompozisiya, “Xaric segah” muğamı və “Rəqs” kompozisiyasını ifa etdim. İlk dəfədir ki, belə mötəbər müsabiqədə iştirak edirəm. Ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında da layiqincə təmsil etmək istəyirəm. Gələcəkdə Azərbaycan tarında dünyanın böyük salonlarında ifa etmək niyyətindəyəm. Bu məqsədimə çatmaq üçün bundan sonra da böyük səylə çalışacağam.