9 mayda çıxış edəcək “TuralTuranX” dueti Liverpul səhnəsində məşqlərə başlayıb
Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya – 2023” beynəlxalq mahnı yarışmasına sayılı günlər qalıb. Müsabiqə öncəsi son həftə iştirakçıların əsas səhnədə məşqləri keçirilir.
“Avroviziya – 2023”də Azərbaycanı təmsil edəcək “TuralTuranX” dueti də artıq Liverpul şəhərindədir. Tural və Turan Bağmanov qardaşları səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, “Avroviziya – 2023”ün yarımfinalları 9 və 11 mayda, finalı isə 13 mayda keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalda 12-ci nömrə altında çıxış edəcəklər. Duet “Tell me more” (“Mənə daha çox danış”) mahnısını ifa edəcək. Mahnını qardaşlar özləri bəstələyiblər.
Müsabiqə İctimai Televiziyada yayımlanacaq. “Avroviziya”nın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər. Ölkəmizlə yanaşı, birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də yer alıb.