Məşhur kamança ifaçısı Mark Eliyaxu “The Show is about Love” (“Sevgi haqqında şou”) adlı turne çərçivəsində iyunun 4-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Sonra ailəsi İsrailə köçüb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. On altı yaşında o, Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa sənətinə yiyələnməyə başlayıb. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, Qərb və Şərq musiqisini daha dərindən öyrənib.
Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.