Yazıçılar Birliyi Qubada konfrans keçirib
5-6 may tarixlərində Qubada Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” konfransı keçirilib. Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş konfransda tanınmış ədəbiyyat xadimləri, gənc yazarlar, bölgə ədibləri bir araya gəliblər.
Konfrans iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Əvvəlcə xüsusi olaraq konfrans üçün hazırlanmış “Heydər Əliyev və Azərbaycan” adlı sənədli film nümayiş olunub.
AYB Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev giriş sözü söyləyib.
Xalq yazıçısı, AYB-nin sədri Anar çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun respublikaya rəhbərliyinin hər iki dövründə ədəbiyyata diqqət və qayğısından söz açıb.
Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları salamlayaraq belə bir tədbirin Qubada keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Xalq şairi Sabir Rüstəmxanlı Ulu öndərin Azərbaycanın azadlıq və müstəqillik hərəkatına münasibətindən danışıb, xatirələrini söyləyib.
Heydər Əliyev barədə bədii və sənədli əsərlərin müəllifi, Xalq yazıçısı Elmira Axundova “Əbədiyaşar məhəbbət: Zərifə və Heydər Əliyevlər barədə” kitabının necə yaranmasından, Ulu öndərlə ünsiyyətindən bəhs edib.
Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyev və ana dilimiz”, kulturoloq, professor Fuad Məmmədov “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”, millət vəkili, yazıçı Aqil Abbas “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid “Sözün qədirbiləni”, təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”, yazıçı-publisist, Əməkdar jurnalist Səyyad Aran “Heydər Əliyevlə Yaponiyaya səfərimizin təəssüratları” mövzularında çıxışlar ediblər.
Konfransda AYB-nin Dramaturgiya bölməsinin müdiri Əməkdar incəsənət xadimi Firuz Mustafa, Rəsul Rza mükafatı laureatı, professor Əlibala Məhərrəmzadə, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı, şair Əkbər Qoşalı, yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, AYB-nin Poeziya bölməsinin müdiri İbrahim İlyaslı, AYB-nin Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylının mövzu ilə bağlı məruzələri dinlənilib.
Konfrans zamanı AYB-nin Heydər Əliyevin 100 illiyinə töhfəsi olan “Əbədi ömrün yüz ili” kitabının təqdimatı da keçirilib. Nəşrin tərtibçisi və ön söz müəllifi, AYB-nin katibi Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli onun ərsəyə gəlməsi barədə danışıb.
Konfrans çərçivəsində tədbir işçiləri Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər.