Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən paytaxt Buenos-Ayresdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Yerli ictimaiyyət nümayəndələrinin, bu ölkədə akkreditə olunmuş diplomatların qatıldığı tədbirdə çıxış edən səfir Rəmzi Teymurov Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətindən danışıb. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra konsert proqramı təqdim edilib. Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Ayan Məmmədlinin ifasında Müslüm Maqomayevin “Azərbaycan”, Tofiq Quliyevin Sənə də qalmaz” mahnıları, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları” xalq mahnıları, “Bayatı-Şiraz” muğamından parça, habelə Avropa və Argentina bəstəkarlarının əsərləri alqışlarla qarşılanıb.
Tədbirin sonunda ispan dilində hazırlanmış “Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” adlı jurnal iştirakçılara paylanılıb.