Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi qeyd edilib. Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirə diplomatik korpusun nümayəndələri, fransız diplomatlar, tədqiqatçılar, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri qatılıblar.
Səfir Leyla Abdullayeva çıxışında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb.
Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perrən xatirələrini bölüşüb, Heydər Əliyev hələ Naxçıvanda olarkən onunla ilk dəfə görüşdüyünü deyib. Diplomat vurğulayıb ki, o vaxt Azərbaycanı çətin vəziyyətdən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi və o, hakimiyyətə qayıdandan sonra Azərbaycan inkişaf etməyə, bütün sahələrdə dirçəlməyə başladı.
Tarixçi və geosiyasət üzrə ekspert Aleksandr Adler isə Parisdə, Versal sarayında Heydər Əliyevlə ilk görüşündən söz açıb.
Heydər Əliyevi Fransada Beşinci respublikanın qurucusu Şarl dö Qoll ilə müqayisə edən diplomatlar xalqları üçün çətin anlarda hakimiyyətə gələn hər iki liderin ölkələrinin inkişafına verdiyi töhfələrdən danışıblar.
Sonra Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə baxış olub.
Tədbir etno-caz konsert proqramı ilə davam edib. Proqramda Etibar Əsədli (piano), Şəhriyar İmanov (tar), İmamyar Həsənov (kamança), Teddi Sorres (kontrabas) və Yoan Şmidt (zərb alətləri) çıxış ediblər. “Sarı gəlin” və “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnıları, “Fəridəm”, “Qara qaşın vəsməsi”, Səid Rüstəmovun “Hardasan?”, Ş.İmanovun “Ağlayan şəlalə”, E.Əsədlinin müəllifi olduğu kompozisiyalar səslənib.