Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.

Konsert proqramında tam orta təhsil pilləsi şagirdlərinin ifasında fortepianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar təqdim olunub.

F.Şubertin “Alman rəqsi”, F.Əmirovun “Rəqs”, D.Şostakoviçin “Polka”, T.Quliyevin “Vals”, D.Kabalevskinin “Vals”, Y.Strausun “Polka Anna”, K.Rollsin “Bugi-Vugi” kimi fortepiano əsərləri, eləcə də Azərbaycan xalq rəqsləri “Brilyant” və “Turacı”, “Azərbaycan xalq ritmləri” kompozisiyası və digər musiqi nömrələri böyük maraqla qarşılanıb.