Xəbər verdiyimiz kimi, 9-11 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilib.

Şuşa şəhəri builki “Xarıbülbül” festivalına həm də “Türk dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edib. Musiqi bayramında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-da təmsil olunan ölkələrdən də kollektivlər iştirak ediblər.

Festival günlərində Şuşanın müxtəlif məkanlarında ayrı-ayrı mövzular üzrə guşələr yaradılıb. İştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı da olub.

Festivalın ilk günü musiqi və rəqs kollektivlərinin, ifaçıların konsert proqramı təqdim edilib. Sonda Türk dünyası sənətçilərinin birlikdə ifa etdiyi “Qarabağ” kompozisiyası konsertə xüsusi rəng qatıb.

Mayın 10-da festivalın əsas səhnəsinin qurulduğu Cıdır düzündə iştirakçı ölkələrin incəsənət ustalarının qala-konserti olub.

Konsertdə “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan sənətçilərinin “Söz meydanı” vokal-instrumental kompozisiyası, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaçı və rəqs qruplarının rəngarəng çıxışları təqdim edilib.

Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatıb.