Azərbaycan Dövlət Uşaq Filarmoniyası mayın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəbdə “El bilir ki, sən mənimsən” adlı konsert proqramı ilə çıxış edib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən konsert rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Kamran İsalı tədbir haqqında ümumi məlumat verib.
Sonra Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları, solistləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Proqramda Azərbaycanın və bir sıra xalqların mədəniyyət nümunələrindən ibarət rəqs kompozisiyaları, mahnılar təqdim olunub.
Sonda maraqlı konsert proqramına görə təşkilatçılara və iştirakçılara təşəkkür ifadə olunub.