Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyi və kollektivi Azərbaycan mədəniyyətinin və rəqs sənətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülmüş müəllim-xoreoqrafları – Xalq artisti Yusif Qasımovu və Əməkdar müəllim Pellumb Aqalliyayı təbrik edib.
Bu münasibətlə keçirilən tədbirdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə hər iki sənətkara akademiyanın bütün kollektivi adından xoş sözlərini və arzularını çatdırıb.
Bildirilib ki, tədris ocağının fəxri olan sənətkarların yetişdirdikləri peşəkar rəqqaslar hazırda dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edirlər. Onların yetirmələri də öz növbələrində müxtəlif rəqs kollektivlərində tələbələr hazırlayır, müəllimlərindən öyrəndikləri bilgiləri öz şagirdlərinə aşılayırlar. Bu illər ərzində Azərbaycan mədəniyyətinin inkişafı yolunda çalışan bu sənətkarlara dövlət başçısının verdiyi dəyər BXA-nın kollektivi üçün qürurvericidir.
Yusif Qasımov və Pellumb Aqalliyay onlara göstərilən diqqətə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Hər iki sənətkar xoş sözlərə və mənəvi dəstəyə görə BXA rəhbərliyinə təşəkkür ediblər.