Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1982-ci il 26 sentyabr

 

Azərbaycan SSR-ə Sovet İttifaqının yüksək dövlət təltifinin – “Lenin” ordeninin təqdim edilməsi münasibətilə Bakıda Azərbaycan KP MK-nın və respublika Ali Sovetinin təntənəli iclası keçirilib. Ordeni Sovet İttifaqı KP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnev təqdim edib. Təntənəli iclasda çıxış edən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublika həyatının digər sahələri kimi, mədəniyyət sahəsinin inkişafından da söz açıb.

“... Azərbaycanın müasir bədii mədəniyyəti çoxcəhətlidir, onun tərbiyə imkanları zəngin, professional yüksəliş perspektivləri intəhasızdır. Ədəbiyyatçıların, teatr, kino xadimlərinin tam bir dəstəsi üçün vətəndaş yetkinliyi dövrü olan son illərdə incəsənətin həyatın ən gur hadisələrinə cəsarətlə müdaxilə etməsi sahəsində dəyərli təcrübə, gözəl, mürəkkəb dövrümüzün bədii qavranışında təcrübə toplanmışdır. Azərbaycan ədəbiyyatının, teatr və kinosunun 70-ci illərdə yaradılmış və respublikanın hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmış ən yaxşı əsərləri vətəndaşlıq pafosu ilə, ən ümdə ictimai, sosial-mənəvi problemləri kəskin surətdə qaldırması ilə səciyyəvidir...”.

 

1982-ci il 5 oktyabr

 

Heydər Əliyev Azərbaycanda keçirilən “Lenfilm” kinostudiyası günlərində iştirak etmək üçün Leninqrad (indiki Sankt-Peterburq – red.) şəhərindən gəlmiş nümayəndə heyətini qəbul edib.

 

1982-ci il 12 oktyabr

 

Azərbaycan KP MK-da respublika rəssamlarının IX qurultayında seçilmiş Rəssamlar İttifaqı İdarə heyətinin üzvləri, tanınmış təsviri sənət ustaları ilə görüş keçirilib. Heydər Əliyev görüşdə çıxış edərək Azərbaycan təsviri sənətinin gələcək inkişafı ilə bağlı bir sıra mühüm məqamlara toxunub.

“...Bizim çox zəngin tariximiz tələb edir ki, o dərindən, yaradıcılıqla dərk edilsin, təsviri sənətdə öz əksini tapsın. Əlbəttə, Rəssamlar İttifaqı burada bütün məsələləri ciddi şəkildə götür-qoy etməli, rəssamların yaradıcılıq axtarışlarının istiqamətini müəyyənləşdirməli, bu çox mühüm mövzunun işlənməsinə cəlb ediləcək müəllifləri təyin etməlidir...

Odur ki, Azərbaycan rəssamlarının bu sahədə yaradıcılıq fəaliyyəti üçün geniş meydan vardır, tarixi mövzular olduqca çoxdur. Bu mövzular hələ rəngkarlıqda öz əksini tapmamışdır. Buna görə də rəngkarlar xalqımızın milli istiqlaliyyət uğrunda, mürtəce qüvvələrə qarşı, yadelli qəsbkarlara qarşı, öz sosial qurtuluşu uğrunda apardığı mübarizəni və nəhayət, xalqımızın inqilabi fəaliyyət mərhələsini fundamental, parlaq əsərlərdə bütün dolğunluğu ilə əks etdirmək üçün son dərəcə çox iş görməlidirlər...

Bu çox vacibdir ki, siz öz fəaliyyətinizdə Azərbaycan çərçivəsinə qapanıb qalmayasınız. Təbiidir ki, sizin yaradıcılığınız zəngin milli tarixi irsin, dünya klassik rəngkarlığının sintezi əsasında inkişaf edir və inkişaf edəcəkdir. Lakin bu zaman siz öz yaradıcılığınızın coğrafiyasını genişləndirməli, yalnız respublika ilə bağlı mövzularla kifayətlənməməlisiniz. Siz respublikamızla əlaqədar mövzulardan kənara nə qədər çox çıxsanız, bizim təsviri sənətimiz bir o qədər rəngarəng olar...

Biz miniatür rəngkarlığın, çoxəsrlik zəngin ənənələri olan Azərbaycan miniatür sənətinin inkişafından dəfələrlə danışmışıq. Bir neçə il əvvəl mən bu barədə öz fikrimi söyləmiş, Tahir Salahova demişdim ki, biz bu məktəbi inkişaf etdirməliyik, həm də müasir zəmində inkişaf etdirməliyik. Bu yaxınlarda mən müasir miniatür rəngkarlığına aid bir neçə əsərə baxdım. Lakin bunlar, əslində, Orta əsr miniatürlərinin rəngkarlıq vasitələri ilə çıxarılan surəti idi... Əgər rəssamlar bu gün də hər işdə keçmiş sənətkarların texnikasına riayət etsələr bu, tamaşaçılar tərəfindən çətin ki, təqdir olunsun. Deməli, bu məktəbi əsas götürmək, onu yaradıcılıq mənasında inkişaf etdirmək lazımdır... Hələlik isə bizdə miniatür sənətinin dirçəldilməsi ətrafında yalnız söhbət gedir və biz istənilən nəticəyə nail olmamışıq...

Bununla əlaqədar olaraq bizim tətbiqi sənətimiz, xüsusən xalçaçılıq sənəti daha da inkişaf etdirilməlidir. Xalqın dühası ilə yaranmış qədim əfsanələrin, həm də bizim böyük mütəfəkkirlərimizin, keçmiş şairlərin əsərlərinin motivləri və müasir həyat əsasında tematik xalçalar yaradılmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan xalçaçılıq sənətinin yüksək bədii səviyyədə və sənətkarlıqla yaradılmış bu nümunələri əsl sənət əsərlərinə çevrilirlər...

Bir neçə kəlmə heykəltəraşlıq haqqında. Paytaxtımız Bakı üçün heykəltəraşların yaratdıqlarını biz çox yüksək qiymətləndiririk. Lakin hələ çox iş görülməlidir. Biz hər bir şəhərdə, hər bir kənddə, hər bir yaşayış məntəqəsində Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki rəşadətli hünərini əbədiləşdirən abidə ucaltmaq vəzifəsini qarşıya qoymuşuq. Bu cəhətdən hələlik geri qalırıq. Doğrudur, 70-ci illərdə az iş görülməmişdir. Lakin şəhərlərin, kəndlərin, qəsəbələrin heç də hamısında belə abidələr yoxdur. Belə abidələrin yaradılmasına yüksək məsuliyyət hissilə yanaşmaq, yadda saxlamaq lazımdır ki, bu yolla biz xalqın öz qəhrəmanlarına əbədi ehtiramını ifadə edir və eyni zamanda həmin abidələr vasitəsilə bizim Azərbaycan heykəltəraşlığının malik olduğu imkanların geniş diapazonunu nümayiş etdiririk...”.

 

1982-ci il 17 oktyabr

 

Heydər Əliyev Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan“ pyesinin tamaşasına baxıb, tamaşadan sonra yaradıcı heyətlə görüşüb.

Hazırladı: V.Orxan

(davamı var)