76-cı Kann Film Festivalında (16-27 may) ekran əsərlərinin nümayişi davam edir. Festivalın əsas müsabiqə proqramı üzrə 19 film baş mükafat – “Qızıl palma budağı” uğrunda yarışır.

Türkiyənin məşhur kinorejissoru Nuri Bilge Ceylanın “Quru otlar üstünə” filminin premyerası da 76-cı Kann festivalında gerçəkləşib. Film yaşadığı ruh qaraldan gerçəklərə rəğmən gələcəyə yönəlik ümidlərini itirməyən, daha doğrusu, itirməmək üçün çabalayan gənc və tənha insanların hüznlü həyat hekayəsidir.

TRT telekanalı və “ARTE France” yayım şirkətinin birgə istehsalı olan film Türkiyənin ən böyük şəhəri olan İstanbuldan əyalət kəndinə təyin olunmuş müəllimin həyatından bəhs edir. Ekran əsəri kinosevərlər tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.

Nuri Bilge Ceylan yaradıcı heyət üzvləri ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ekran əsərinin lentə alınması koronavirus pandemiyası ilə eyni vaxta təsadüf edib və çəkiliş qrupu bir çox çətinliklərlə üzləşib. Film əsasən Ərzurum vilayətinin Karayazı kəndində, bir sıra kadrlar isə yaxınlıqdakı yaşayış məntəqələrində lentə alınıb.

Personajlarla bağlı suala cavab verən türkiyəli kinorejissor deyib: “Bütün personajlarımın keçirdiyi hissləri özüm də yaşamışam. Bəzən insanlar mənim filmlərimdəki personajları “mənfi qəhrəman” kimi görürlər. Bu, əslində, sizin şəxsən sahib ola biləcəyiniz baxış prizmasından asılıdır. Mən filmlərdə hər birimizin yaşaya biləcəyi çox adi hisslərdən danışıram. Əslində, əgər həyatda bədbəxtsənsə, hər zaman başqa yerdə xoşbəxt ola biləcəyini düşünürsən. Hətta İstanbuldakı insanlar başqa yerdə daha xoşbəxt ola biləcəyini düşünürlər. Lakin unutmaq olmaz ki, insanın bədbəxt olması yaşadığı yerlə deyil, onun özünü dünyada yad hesab etməsi ilə əlaqədardır. Bu halda o, harada olursa-olsun, xoşbəxtliyi tapa bilməyəcək”.

Qeyd edək ki, Türkiyəyə “Qızıl palma budağı”nı ilk dəfə 1982-ci ildə məşhur rejissor Yılmaz Güney “Yol” filmi ilə gətirib. 2014-cü ildə Nuri Bilge Ceylan “Qış yuxusu” filminə görə Kann festivalının baş mükafatını qazanıb. 2003-cü ildə rejissorun “Uzaq”, 2011-ci ildə isə “Bir zamanlar Anadoluda” filmləri Kann festivalının ikinci mükafatı sayılan Qran-priyə layiq görülüb. Bundan əlavə, Nuri Bilge Ceylan 2008-ci ildə “Üç meymun” filminə görə festivalın “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Builki festivalda filmləri yer alan rejissorlar arasında Böyük Britaniyadan Ken Loç, ABŞ-dən Ues Anderson, Fransadan Ketrin Breillat, Almaniyadan Vim Venders, Yaponiyadan Hirokazu Koreeda və Finlandiyadan Aki Kaurismaki kimi tanınmış kinematoqrafçılar var.

Amerika rejissoru Martin Skorsezenin əsas rollarda Robert de Niro və Leonardo di Kaprionun çəkildiyi “Çiçək ayın qatilləri” filmi festivalın müsabiqədənkənar proqramında nümayiş olunur.

 

Harrison Forda fəxri “Qızıl palma budağı”

 

Bu arada Hollivud ulduzu Harrison Ford “İndiana Cons 5. Taleyin saatı” filminin (“Disney” studiyası) dünya premyerasından əvvəl Kann Film Festivalında fəxri “Qızıl palma budağı” mükafatına layiq görülüb. Mükafat 81 yaşlı aktyora kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə verilib.

Qeyd edək ki, Harrison Fordun baş qəhrəmanı – əfsanəvi arxeoloq və macəraçı İndiana Consu oynadığı silsilədən 5-ci film festivalda müsabiqədənkənar nümayiş olunur.

Xatırladaq ki, festivalın açılış mərasimində dünya kinosunun digər qocaman ulduzu – 79 yaşlı amerikalı aktyor Maykl Duqlas da fəxri ”Qızıl palma budağı” (kinematoqrafın inkişafına görkəmli töhfələrinə görə) ilə təltif edilib.

V.Kamal