Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 60 illiyi münasibətilə klassik filmlərin nümayişi təşkil ediləcək.
AKİ-dən verilən məlumata görə, proqram çərçivəsində Oqtay Mirqasımovun “Günaydın, mələyim!”, Tofiq Tağızadənin “Yeddi oğul istərəm” bədii filmləri, dünya kinosu klassikasından isə Andrey Tarkovskinin “Güzgü” bədii filmi nümayiş olunacaq.
“Günaydın, mələyim!” filminin nümayişi həm də Oqtay Mirqasımovun 80 illik yubileyi münasibətilə təşkil olunur. Eyni zamanda tamaşaçıların xüsusi marağına səbəb olan və xarici ölkələrdə də diqqətçəkən ekran əsərlərindən biri – rejissor İlqar Safatın “Sahə” bədii filmi də təqdim ediləcək.
Kino nümayişləri “CinemaPlus Azerbaijan”da keçiriləcək.