Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Prezident İlham Əliyev bu fikri mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt ilə görüşdə deyib.

Dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra məhz Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb. Bu xüsusda son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşləri qeyd edən İlham Əliyev qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.

Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlanıb.

Qeyd edək ki, Marqareta Sederfelt Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransa qatılmaq üçün ölkəmizə gəlib.

Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olunub. Dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.