Bu il Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yaranmasının 30-cu ildönümüdür. Bu münasibətlə Türkiyə və təşkilata üzv olan dövlətlər daxil olmaqla digər ölkələrdə də yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

TÜRKSOY-un baş katibi Sultan Raevin bildirdiyinə görə, qurum 30 illik yubileyini Azərbaycanda və “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada da qeyd edəcək: “Yubiley 6 türk dövlətində xüsusi proqramlarla qeyd olunacaq. Yubiley tədbirlərinə Qazaxıstandan başlamağa qərar verdik və mayın 3-də 30 illik fəaliyyətin nəticələri, qarşıdakı hədəflər mövzusunda dəyirmi masa keçirdik. İyunun 9-da Almatıda, 13-də Bişkekdə, 18-də Daşkənddə, 28-29-da isə Aşqabadda təşkilatımızın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. “TÜRKSOY həftəsi” çərçivəsində bu ölkələrdə foto və rəsm sərgiləri, Türk dünyası geyimlərindən ibarət sərgi və s. tədbirlər olacaq”.

Sultan Raev vurğulayıb ki, TÜRKSOY-un ənənəvi tədbirləri olan rəssamların, fotoqrafların, şairlərin, muzey və teatr müdirlərinin görüşləri də daxil olmaqla, müxtəlif səpkili silsilə tədbirlərin keçirilməsi də planlaşdırılır: “Artıq Türk dünyasından fotoqraflar Şuşada çəkilişlər aparıb. Bu tədbirlərdə ərsəyə gələn fotolar oktyabr ayına nəzərdə tutulan TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının iclası zamanı Şuşada və 30 illik tədbirləri çərçivəsində Bakıda sərgilənəcək. Daha sonra bu əsərlər albom şəklində TÜRKSOY tərəfindən nəşr olunacaq. Albomun nəşrində məqsəd Şuşanı üzv ölkələrdə və beynəlxalq təşkilatlarda tanıtmaq üçün istifadə etməkdir”.

Baş katib əlavə edib ki, bu il Türkiyənin 100 illik yubileyi, eləcə də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər oktyabr ayında əvvəlcə Bakıda, sonra Ankarada keçiriləcək.

Mehparə Sultanova
Ankara