Ulu öndər Heydər Əliyev hər zaman mədəniyyəti ölkənin ümumi inkişafının vacib hissəsi hesab edirdi. Buna görə də mədəniyyət sahəsi üzrə həm qanunvericilik bazasının hazırlanması, həm də praktik yaradıcılıq fəaliyyətinin təbliğ və təşviqini diqqətdə saxlayırdı. Bu yazıda Ümummilli liderin həm sovet Azərbaycanına rəhbərliyi (1969-1982) dövründə, həm də müstəqillik dövründə aşıq sənətinə, folklorumuza diqqət və qayğısı haqqında qısa söz açmaq istəyirəm.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından on illərlə məqsədli şəkildə diqqətdən kənarda qalmış, aşkar sayğısızlıq göstərilmiş folklora, aşıq sənətinə yenidən fəaliyyət meydanı yaratdı. Bu şərait təkcə söz-tapşırıq olaraq qalmadı, canlı tədbirlərdən tutmuş radio-televiziya efir-ekranlarına qədər genişləndi.
O illərə qədər bu səpkidə mədəniyyət-incəsənət tədbirləri ya az olurdu, ya da diqqət çəkmirdi. Həmin dövrdə ərsəyə gətirilən “Ozan” və “Bulaq” kimi verilişlər xalqımızın böyük marağına səbəb olmuşdu. 1969-cu ilin noyabr ayında “Xalq yaradıcılığı bulağı” adı ilə efirə çıxan veriliş 1970-ci ildən “Bulaq” adlandırıldı. Xalqımızın zəngin deyim-duyum tərzi, əsrlərin o üzündən ulularımızın söz xəzinəsi evlərə “ayaq açdı”.
Aşıqların yaradıcılıqlarının dərindən öyrənilməsi, bölgələrdə konsertlərinin, görüşlərinin təşkil edilməsi, bu sahənin araşdırılması, sənədli filmlərin çəkilməsi ədəbi-mədəni yaddaşımıza göstərilən diqqətin nəticəsi idi.
1970-80-ci illərdə aşıqlardan Hüseyn Bozalqanlı, Vəli Miskinli, Hüseyn Cavan, Ədalət Nəsibov, Şəmşir Qocayev, Şakir Hacıyev və digər məşhur sənətkarlar el-obada daha geniş şöhrət qazandı, bu ulu sənətin təbliğinə öz töhfələrini verməyə başladılar.
Aşıq Ələsgərin 1972-ci ildə (Bakıda və Moskvada) 150 illik, Aşıq Alının 1981-ci ildə 180 illik, Aşıq Şəmşirin 2003-cü ildə 110 illik yubileylərinin təşkili Ulu öndərin təşəbbüsü və tapşırığı ilə reallaşmışdı.
Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Aşıq Ələsgər irsinə dövlət qayğısından bəhs edərək yazır: “1972-ci ildə Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi. Yubiley tədbirlərinin keçmiş ittifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyətində qoydu. Belə ki, Ermənistan SSR ərazisində olan Göyçə mahalında Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyevin nüfuzu sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi”.
“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”, – deyən Ümummilli liderin fikrincə, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyevin bu sahəyə qayğısı nəticəsində Azərbaycan aşıqlarının təşkilatlanması istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Aşıqlar Birliyi (1982), qadın aşıq və şairlərdən ibarət “Aşıq Pəri” məclisi (1984) yaradılıb, “Bayatı bayramı”, “Dastan gecəsi”, “Qurbani saz bayramı” və s. layihələr həyata keçirilib. Həmin dövrdə Azərbaycan Aşıqlar Birliyinin əsasını qoymuş və ilk sədri olmuş Xalq şairi Hüseyn Arifə respublikanın Dövlət mükafatı verilib.
Xalqın zəngin mənəvi dünyasının öyrənilməsi məsələsi Heydər Əliyevin elm və mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində olub.
Milli dövlət quruculuğunun ilk illərində, 1994-cü ilin martında görkəmli tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ideya müəllifliyi və təşəbbüsü ilə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin fəaliyyətə başlaması və daha sonra onun bazasında Folklor İnstitutunun təşkili dövlət siyasəti səviyyəsində milli-mənəvi dəyərlərə artan marağın təzahürü, milli-ideoloji işin elmi meyarlarla kompleksləşdirilməsinin göstəricisi idi.
Heydər Əliyev “Koroğlu” dastanı haqqında söyləmişdi: “Koroğlu” dastanı ona görə sevilibdir ki, xalqın həyatı, gələcəyi üçün ən əhəmiyyətli fikirlər o dastanda cəm olubdur. Bu dastanı nəinki xalqımıza, bütün dünya ictimaiyyətinə daha da təsirli şəkildə çatdırmaq, tanıtdırmaq üçün Üzeyir Hacıbəyovun “Koroğlu” operasını yaratması mədəniyyətimizdə böyük inqilabi hadisədir”.
Ulu öndər “Kitabi-Dədə Qorqud” dastanına münasibətdə də mədəniyyətimizin, folklorumuzun gerçək himayədarı olduğunu ortaya qoyub. Təkcə Azərbaycanda və türk respublikaları arasında deyil, dünyada belə heyrətlə qarşılanan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin UNESCO səviyyəsində təntənəli şəkildə keçirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Dahi siyasətçi “Kitabi-Dədə Qorqud” dastanını yüksək qiymətləndirərək demişdi: “Dədə Qorqud”un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki, gəlin, açıq danışaq, elə özümüzün içərisində də çoxları “Dədə Qorqud”u yaxşı bilmirlər, “Dədə Qorqud”un, Azərbaycan xalqının kökünü yaxşı bilmirlər...”.
Yeri gəlmişkən, onu da qeyd edim ki, respublikada yeganə olan Gədəbəy Aşıq Məktəbi də Ulu öndərin milli dəyərlərə yönəlmiş siyasətinin təzahürüdür. Təhsil ocağında Dədə Qorqud yadigarı ozan sənətinin gələcək nəsillərə çatdırılması istiqamətində iş aparılır. Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi də bu sahəyə dövlət qayğısının bariz nümunəsidir.
Dövlətimizin diqqət və qayğısı altında bu gün xalq yaradıcılığının müxtəlif istiqamətləri üzrə toplama, tərtib və nəşr layihələri reallaşdırılır. Mədəniyyət Nazirliyi tərəfindən də aşıq sənətinin yaşadılmasına və təbliğinə qayğı ilə yanaşılır, keçirilən festival və müsabiqələrdə, konsertlərdə aşıq sənətinə də diqqət yetirilir.
Etibar Əliyev
Gədəbəy Aşıq Məktəbinin direktoru