“Bayatılar”ın musiqisi ilə bağlı məhkəmə çəkişməsi 11 il sürüb...

 

Yunanıstan Ali Məhkəməsi 11 il sürən məhkəmə işinə nöqtə qoyub və “Esena Mono” mahnısının musiqisinin Eldar Mansurovun “Bayatılar”ından götürüldüyü barədə yekun qərar verib. Bununla da Yunanıstanın son məhkəmə instansiyası Azərbaycan bəstəkarının müəlliflik hüquqlarının pozulmasını tanıyıb.

Xalq artisti Eldar Mansurov “Bayatılar” mahnısını 1988-ci ildə bəstələyib. “Bayatılar” ilk dəfə 1989-cu ildə Xalq artisti Brilliant Dadaşovanın ifasında audiovizual formatda lentə alınıb və həmin lent yazısı Azərbaycan Televiziyasının efirində yayımlanıb. 1990-cı ildə müğənninin ifasında “Bayatılar” “Melodiya” şirkəti tərəfindən vala yazılaraq, geniş tirajla yayılıb.

2008-ci ildə Eldar Mansurov musiqisi yunan bəstəkara aid olduğu iddia edilən və “Bayatılar”ın musiqisini təkrarlayan “Esena Mono” mahnısı barədə məlumat əldə edib. O, “Esena Mono”nun musiqisinin “Bayatılar”dan götürüldüyünü və özünün müəlliflik hüquqlarının pozulduğunu “Esena Mono”nun müəllifi kimi qeyd edilən yunan bəstəkar Dimitris Kontopulosa və əsərin yayımını həyata keçirən “Sony Music Entertainment Hellas AE” şirkətinə məhkəməyəqədər iddia qaydasında bildirib və onlardan “Bayatılar”dan qanunsuz istifadəni dayandırmağı tələb edib. Qarşı tərəf buna rədd cavabı verib.

2011-ci ildə Eldar Mansurov öz hüquqlarını müdafiə etmək məqsədilə Afina Çoxtərkibli Birinci İnstansiya Məhkəməsinə cavabdehlər Dimitris Kontopulos və “Sony Music Entertainment Hellas AE” şirkətinə qarşı müəlliflik hüquqlarının pozulması ilə bağlı iddia ilə müraciət edib.

Həmin iddia ilə bağlı iş 11 il sürüb. Bu müddət ərzində işə Yunanıstanın üç məhkəmə instansiyasında baxılıb. 2018-ci ildə birinci instansiya məhkəməsi Eldar Mansurovun iddiasını təmin edərək, onun müəlliflik hüququnun pozulması faktını tanıyıb və hər iki cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini qət edib. Cavabdehlər qərardan Afina Apelyasiya Məhkəməsinə şikayət verib, lakin 2020-ci ildə həmin məhkəmə də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bundan sonra “Sony Music Entertainment Hellas AE” şirkəti apelyasiya məhkəməsinin qərarını tanıyıb və icra edib, Dimitris Kontopulos isə Yunanıstan Ali Məhkəməsinə kasasiya şikayəti verib. Nəhayət, Yunanıstan Ali Məhkəməsi də 2022-ci ildə məhkəmə baxışı zamanı şifahi qaydada bəyan etdiyi və 2023-cü ildə tərəflərə yazılı şəkildə təqdim etdiyi qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və cavabdeh Kontopulosun şikayətini tamamilə rədd edib.

Ali Məhkəmənin qərarında bildirilir ki, “Esena Mono”nun musiqisi “Bayatılar”ın orijinal melodik məzmununu cüzi dəyişdirilməklə ərsəyə gəlib və orijinal musiqi ilə oxşarlıq 50 faizdən çox təşkil edir. “Esena Mono” əsəri Mansurovun “Bayatılar”ının musiqisi üzərində olan müstəsna və özgəninkiləşdirilməz şəxsi müəlliflik hüquqlarını pozub, habelə “Esena Mono”nun Mansurovun razılığı olmadan yayılması bəstəkarın müstəsna hüquqlarını pozmaqla yanaşı, onu öz əqli mülkiyyəti ilə bağlı iqtisadi hüquqlarını həyata keçirmək imkanından da məhrum edib.

Bu səbəbdən Yunanıstan Ali Məhkəməsi Kontopulosun bundan sonra “Esena Mono” adlı musiqi əsərinin və ya “Bayatılar”ın musiqisinin hər hansı bir hissəsindən yaxud onun dəyişdirilməsindən ibarət hər hansı digər əsərin bəstəkarı kimi çıxış etməyi qadağan edib.

Qeyd edək ki, mübahisə ilə bağlı Eldar Mansurovun maraqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Yunanıstanın “HP&P Dr. Helen G.Papaconstantinou & Partners” hüquq firması (vəkillər Kardiopulis, Qusios və Kurkutas) və professor Maykl Parossis təmsil ediblər.