Mayın 25-də Xorvatiyada 14-cü “VAFI & RAFI” Beynəlxalq Uşaq və Gənclər Animasiya Film Festivalı başlayıb. İyunun 4-dək davam edəcək festivala çoxsaylı ölkələrdən yüzlərlə ekran əsəri təqdim olunub.
Festivalda ölkəmizi Ceyhun Türksoyun “Tarix” qısametrajlı animasiya filmi təmsil edir. Film festivalın əsas müsabiqə proqramına seçilib.
Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə elan edilmiş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindən olan “Tarix” nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən istehsal olunub. Filmin quruluşçu rejissoru Ceyhun Türksoy, ssenari müəllifi və prodüseri Orxan Behbid, bəstəkarı Şəmsi Tağıyevdir.
Film I Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.
Qeyd edək ki, “Tarix” filmi bundan öncə Bakıda keçirilən 5-ci “ANIMAFILM” festivalında, eləcə də Hindistanda və Filippində festivallarda iştirak edib.