Çoxdan gözlənilən premyera baş tutdu...
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Həyat, deyəsən, gözəldir” (2021) tammetrajlı bədii filmi çəkilib.
Filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Ötən müddətdə bir neçə beynəlxalq festivala qatılan və haqqında xeyli danışılan ekran əsərinin, nəhayət, ölkə premyerası da gerçəkləşdi.
Mayın 26-da Azərbaycan Rəngkarlığı Muzeyində filmin təqdimatı keçirildi. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Filmin nümayişindən əvvəl Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək Azərbaycan kino sənətində iz qoyan rejissorlardan, kino sənətimizdə rejissor əməyindən söz açdı. O, rejissor Vaqif Mustafayevin özünəməxsus yaradıcılığından danışaraq növbəti filmin də bu silsilədən maraqlı bir ekran əsəri olduğunu dedi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Oqtay Mirqasımov, yazıçı-publisist Əlisəftər Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Vaqif Mustafayevin zəngin yaradıcılığı və ekranlaşdırdığı filmlərin özünəməxsusluğu, kino estetikası barədə çıxış etdilər.
Oqtay Mirqasımov ekran əsərinin TÜRKSOY-un təşkilatçılığı ilə ötən il Türkiyənin Bursa şəhərində keçirilən II “Qorqud Ata” Türk Dünyası Film Festivalındakı uğurundan danışdı. Diqqətə çatdırdı ki, bu filmə görə Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edildi.
Yazıçı-publisist Əlisəftər Hüseynov qeyd etdi ki, filmin ideoloji, dövlətçilik baxımından böyük gücü var. Vaqif Mustafayevin filmlərində gülüşün bütün spektrləri sintez olunaraq keyfiyyət yaradır və rejissorun həyata baxışını ehtiva edir. Bu yumor bəzi hallarda absurda, bəzən də paradoksa gəlib çıxan yanaşmadır. Filmdə müsbət erməni obrazı da var. Bunlardan biri aşıq-şair Sayat Nova, digəri Azərbaycan Ordusunun atdığı bombadan sonra “ağıllanan” erməni əsgərdir. Bu film uydurma erməni mifini tam dağıdır, Azərbaycan xalqının əzmkar ruhunu göstərir.
Vaqif Mustafayev filmin lentə alınması prosesindən söz açdı. Dedi ki, filmdə erməni dilində nitqlərin və yazıların ərsəyə gəlməsində Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri və rejissoru mərhum Oqtay Əliyev və ailəsinin çox böyük köməyi olub.
Rejissor daha sonra filmin yaradıcı heyətini səhnəyə dəvət edərək hər kəsə təşəkkürünü bildirdi.
Çıxışlardan sonra “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olundu.
Birinci Qarabağ müharibəsindən bəhs edən “Fəryad” (1993, rejissor C.Mirzəyev, ssenari müəllifi V.Mustafayev) filminin davamı kimi nəzərdə tutulan ekran işində erməni daşnaklarının işğal etdiyi, otuz ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs olunur. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərlər arasında iki qardaş da var. Onların sonrakı aqibəti tragikomik planda təqdim edilir.
L.Azəri