Tailand Kral Simfonik Orkestri ilk dəfə azərbaycanlı dirijor, Akademik Opera və Balet Teatrının musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin idarəsi altında konsert verib. Konsert Tailandın paytaxtının ən mötəbər konsert salonlarından biri olan Banqkok Beynəlxalq Mədəniyyət Mərkəzinin Böyük zalında keçirilib.
Azərbaycanlı dirijorun bu ölkəyə səfəri musiqi kollektivinin rəhbərliyi və eyni zamanda orkestrin himayədarı olan Tailand şahzadəsi Sirivannavari Rayakanyanın dəvəti ilə gerçəkləşib.
Mürəkkəb musiqi proqramı ilə seçilən konsertin əsas hissəsi bu il 150 illiyi qeyd olunan görkəmli rus bəstəkarı Sergey Raxmaninovun yaradıcılığı ilə bağlı olub. Proqramda bəstəkarın fortepiano və orkestr üçün “Paqanini mövzusunda rapsodiya”sı səslənib. Solist Çinin tanınmış pianoçusu Ze-Ze olub.
Proqramda daha iki rus bəstəkarının – P.Çaykovskinin “İtalyan kapriççiosu” əsəri və İ.Stravinskinin “Atəş quşu” baletindən süita da ifa edilib.
Dinləyicilərin alqışlarını və istəyini nəzərə alan dirijor Əyyub Quliyev salonda əyləşən qonaqlara müraciət edərək, Azərbaycan musiqi ifaçılığını Tailandda ilk dəfə təqdim etməkdən qürur duyduğunu söyləyib və Kral Simfonik Orkestrinə minnətdarlığını bildirib.
Konsert bitdikdən sonra salonun foyesində gecəyə toplaşmış qonaqlarla azərbaycanlı dirijor Əyyub Quliyev və çinli pianoçu Ze-Zenin görüşü keçirilib. Onlar yerli sənətsevərlərə avtoqraf veriblər.