“Kinostudiyanın dəhlizində görünəndə hər kəsin əhvalı yüksələrdi...”
Tanınmış kino xadimi, aktyor, film direktoru Tələt Rəhmanovun (1931-1995) xatirəsi iyunun 2-də Azərbaycan Dövlət Film Fondunda yad edildi.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev qonaqları salamlayaraq bildirdi ki, Tələt Rəhmanovun 90 illik yubileyi (2021) pandemiya dövrünə təsadüf etdiyi üçün xatirəsinə həsr olunan tədbir də təxirə salınmışdı: “Ötən günlərin birində sevilən aktyor və rejissor, Əməkdar artist Elxan Qasımovun təşəbbüsü ilə bu tədbiri gec də olsa, keçirmək qərarına gəldik. Elxan “aparıcı da özüm olacağam” demişdi. Ssenarini də onun arzusu ilə qurmuşduq. Təəssüf ki, bu günlərdə Elxan Qasımov dünyadan köçdü”.
Sonra “Azərbaycanfilm”də çalışmış, dünyasını dəyişən fədakar kino xadimlərinin, o cümlədən Tələt Rəhmanov və Elxan Qasımovun xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Çıxışına davam edən Cəmil Quliyev dedi ki, ziyalı ailədə dünyaya gələn Tələtin atası və əmisi vaxtilə Azərbaycanda yüksək vəzifələrdə çalışıb. Bu səbəbdən də ailənin əksər üzvləri repressiya qurbanı olublar. Tələt orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunsa da, atası “xalq düşməni” adlandırıldığından ali təhsil ocağını tərk etməli olub. Bir müddət sonra Teatr Texnikumuna daxil olub. Çətinliklərlə üzləşən, iş tapa bilməyən Tələt görkəmli Azərbaycan memarı Ənvər Qasımzadənin məsləhəti ilə kinostudiyada çalışmağa başlayıb. O, 60-dan çox filmdə müxtəlif xarakterli irili-xırdalı rolda çəkilib. Bu rollar əsasən epizodik olsa da, özünəməxsusluğu ilə seçilib və sevilib. Tələt Rəhmanov filmlərdə çəkilməklə yanaşı, tədricən film direktoru, rejissor assistenti kimi də çalışıb. Müxtəlif janrlı ekran əsərlərində rol alan aktyorun yaratdığı maraqlı kino obrazlarından Vəli (“Arşın mal alan”, 1965), milis işçisi (“Alma almaya bənzər”), kənd sakini (“Əhməd haradadır?”), furqon sahibi (“Yenilməz batalyon”), xidmətçi (“Uzaq sahillərdə”), milis işçisi (“Sehrli xalat”), Əli (“Qayınana”), inzibatçı (“Əmək və qızılgül”), Nazlının dayısı (“Şirbalanın məhəbbəti”), ferma müdiri Bayandur (“Kişi sözü”) və digərlərini misal çəkə bilərik. Bir çox rejissorlar film çəkməyə başlayanda film direktoru olaraq Tələtlə işləməyə can atırdı. Çünki o, insanları incitməzdi, işində dəqiq və bacarıqlı idi.
Xalq artisti Rasim Balayev də Tələt Rəhmanov haqqında xatirələrini bölüşdü, film çəkilişləri ilə bağlı maraqlı məqamları diqqətə çatdırdı: “Tələt kinostudiyanın dəhlizində və bufetində görünəndə hər kəsin əhvalı yüksələrdi. Zarafatcıl, şən, xeyirxah, pozitiv insan idi. Şəxsiyyəti ilə sənəti vəhdət təşkil edirdi. Kinorejissorların ona böyük hörməti var idi. “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində, film üçün lazımi şəraitin yaradılmasında Tələt Rəhmanovun xüsusi xidmətləri olub...”.
Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov aktyorla “Sehrli xalat” filminin çəkilişlərində tanış olduğunu və əməkdaşlıqlarının sonralar da davam etdiyini vurğuladı, onun bir çox ekran əsərlərinin direktoru kimi fəaliyyətini qeyd etdi.
Çıxışlardan sonra Tələt Rəhmanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olundu.
Lalə Azəri