Tariximizdə dəyərli izlər qoymuş bir soy haqqında sənədli kino hekayəti

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” bədii-sənədli filmi çəkilib. Filmdə Mehmandarovlar soyunun timsalında tanınmış həkim və ictimai xadim, xeyriyyəçi Əbdül Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovun (1854-1929) ömür yolu və fəaliyyətinə işıq salınır.

İyunun 5-də Nizami Kino Mərkəzində ekran işinin təqdimat mərasimi keçirildi. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millər vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.  

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək filmi tarixi yaddaşımıza işıq tutan parlaq ekran nümunələrindən biri kimi dəyərləndirdi. O, Mehmandarovlar nəslinin Azərbaycan tarixində və ictimai həyatında rolunun ifadəsi baxımından filmin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, tarixi-publisistik formada lentə alınan filmdə rejissor foto və videoarxiv materiallarından yaradıcı şəkildə istifadə edib. Filmin özünəməxsus dili və montaj üslubu ilə rejissor çox maraqlı bir forma tapıb.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa Mehmandarov Şuşada Mehmandarovlar malikanə kompleksinin yüksək səviyyədə təmir-bərpasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailələri adından təşəkkürünü bildirdi. Dirijor bu xeyirxah addımı təkcə ulu babalarının xidmətlərinə deyil, həm də Azərbaycan tarixinə, mədəni irsinə diqqət və qayğı kimi səciyyələndirdi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Kərim Şükürov Əbdül Kərim bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında məlumat verdi.

Filmin ssenari müəlliflərindən biri, qala-şəhərimiz haqqında çoxsaylı kitab ərsəyə gətirən, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev Mehmandarovların Azərbaycanın etnogenezində böyük rol oynayan nəsillərdən olduğunu qeyd etdi. Tədqiqatçı müəllifi olduğu “Mehmandarovlar” kitabını 43 ilə yazdığını dedi, maraqlı faktları diqqətə çatdırdı.

Filmin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev yaradıcı heyətə və ekran işinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Çıxışlardan sonra “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olundu. Ekran əsəri Ümummilli lider Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” fikirləri ilə başlanır.

Film XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm izlər qoymuş Qarabağın ünlü nəsillərindən olan Mehmandarovlar haqqındadır.

Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə xanlığın mehmandarı (xanlığa gələn yüksək səviyyəli qonaqları qarşılayıb yola salan) olmuş Mirzə Əli bəylə başlanan Mehmandarovlar soyunun nümayəndələri daha sonra Şuşada, Lənkəranda və Azərbaycanın digər bölgələrində yaşayıblar. General Səməd bəy Mehmandarov isə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olub. 

Bədii-sənədli filmin əsas qəhrəmanı Əbdül Kərim bəy Mehmandarovdur. O, Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu olub, həkimlik fəaliyyəti ilə yanaşı, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil müqavimətinin yaradılmasında mühüm rol oynayıb. Əhməd bəy Ağaoğlu tərəfindən 1905-ci ildə erməni-daşnak terrorizminə və çar istibdadına qarşı yaradılmış “Difai” (“Müdafiə”) təşkilatının Şuşa bölməsinə rəhbərlik edib.

Ekran əsərinin rejissoru Yavər Rzayev, ssenari müəllifləri Yavər Rzayev və Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, montaj rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur.

Çəkilişləri Bakıda və Şuşada, o cümlədən Mehmandarovların malikanəsində aparılan filmdə Əbdül Kərim bəy rolunu Əməkdar artist Şövqi Hüseynov canlandırıb.

Lalə