Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışı tarixi zərurət idi...

 

“Azərbaycanın bugünkü ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 iyununda fəlakətlə üz-üzə qalan dövlətin sükanı arxasına bu sözlərlə keçdi.

Qarşıda Azərbaycanın həm istiqlalı, həm də istiqbalı üçün çətin sınaqlar dururdu: sabitlik yaratmaq, müstəqilliyi möhkəmlətmək, gənc dövləti inkişaf relsinə və milli maraqlara tən gələn xarici siyasət sayəsində dünya arenasına çıxarmaq. Heydər Əliyevin otuz il əvvəl dediyi sözlər müstəqillik tariximiz üçün həqiqət anı idi.

1993-cü ilin 15 iyununda Heydər Əliyev parlamentdə tarixi çıxışını edərkən ölkənin düşdüyü vəziyyətin ağırlığını dərk etdiyi kimi, onu bu vəziyyətdən çıxarmağın da xalqın birliyi və dəstəyi sayəsində mümkün olacağına inanırdı: “Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi qurumlar, bütün ictimai təşkilatlar, bütün insanlar – hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır. Hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq...  Mən bu yola xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm... Hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar...”.

Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması da, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi...

Bu qayıdış Azərbaycan xalqının ümidlə gözlədiyi sabitlik və qanunçuluğu, milli dövlətçiliyi bərqərar etdi. 1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini iki dövrə böldü. Arxada total psixoz, dərəbəylik “hakimiyyəti” və siyasi hikkələrin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, ümid və Azərbaycan dövlətçiliyinin xilası vardı.

1993-cü ildə Azərbaycan xalqını rəzalətdən və qardaş qırğınından, Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev on il sonra bizə möhkəm özülü, istiqrarı, sabit inkişafı təmin edilmiş dövlət qoyub getdi...

Ötən zaman kəsiyində 15 iyun Azərbaycanın yeni tarixində haqqında ən çox müzakirə gedən günlərdən biri olub. Amma bu bir gerçəkdir ki, həmin gün Azərbaycanın siyasi həyatında və bununla yanaşı bütövlükdə ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni bir mərhələ açıldı.

1997-ci il iyunun 27-də Milli Məclisin qərarı ilə 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü elan olundu.

Vüqar Orxan