Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) 10 illik yubileyi qeyd edilib. Tədbirdə Avstriyanın paytaxtında akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların üzvləri, yerli ictimaiyyət nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
AMM-nin rəhbəri Leyla Qasımova qurumun yarandığı gündən bəri keçdiyi yola nəzər salıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin 16 noyabr 2012-ci il tarixli sərəncamı əsasında yaradılan mərkəzin əsas məqsədi Avstriyada Azərbaycan mədəniyyətini təbliğ etməkdir. 2013-cü ilin may ayında rəsmi açılışı olan AMM ölkəmizin zəngin mədəniyyəti, incəsənəti, tarixi irsi ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edir. Mərkəz mədəniyyətlərarası əlaqələrin qurulduğu bir məkan kimi də tanınır. Bu il mayın 13-də Vyanadakı “Konserthaus”da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən qala-konsert AMM-in önəmli tədbirlərindən biri idi.
Mərkəz uşaq və gənclərin istedadının üzə çıxarılmasını və təqdimatını da diqqətdə saxlayır. 10 illik yubileyi münasibətilə AMM-dəki həftəsonu Azərbaycan dili kurslarında iştirak edən uşaqların əl işlərindən ibarət sərgi hazırlanıb.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli iki ölkə arasında siyasi, diplomatik və iqtisadi əlaqələrin bünövrəsi üzərində mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq AMM-in bu xüsusda səmərəli fəaliyyətini qeyd edib.
Sonra mərkəzin 10 illik fəaliyyətinə həsr olunan və onun tədbirlərində iştirak edən qonaqların müsahibələrinin yer aldığı videofilm nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Vasif Hüseynli (piano), Lütfiyar Əliyev (saksofon), Elcan Cəbrayılov (bass) və Nicat Bayramovdan (zərb alətləri) ibarət kvartet konsert proqramı ilə çıxış edib. Azərbaycanın xalq və bəstəkar mahnıları, caz kompozisiyaları təqdim olunub.