Yeni tədris ilindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “interyer və eksteryerin bədii tərtibatı” ixtisası üzrə qrup fəaliyyətə başlayacaq. Mərkəzin direktoru Afər Həmidoğlu bu barədə Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi ilə görüşdə bildirib.
O, teatrın belə bir ixtisasın açılması ilə əlaqədar fevral ayında etdiyi müraciətə müsbət yanaşdıqlarını və məsələni Elm və Təhsil Nazirliyi ilə razılaşdırdıqlarını deyib. Sentyabr ayından 20 nəfərlik qrup yeni ixtisas üzrə təlimlərə cəlb olunacaq.
Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı müraciətə diqqət göstərdiklərinə görə Elm və Təhsil Nazirliyinə və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşəkkürünü ifadə edib.
Teatrla Peşə Təhsil Mərkəzi arasında müvafiq müqavilə də bağlanılıb. Mərkəz həm Lənkəran teatrı, həm də bölgənin mədəniyyət müəssisələri üçün kadrlar hazırlayacaq.
Mərkəzin direktoru Afər Həmidoğlu bildirib ki, interyer və eksteryerin bədii tərtibatı ixtisası üzrə kadr hazırlığında Lənkəran Dövlət Dram Teatrının rəssam və rejissorları da yaxından iştirak edəcəklər.