Elmi-praktik konfrans

 

İyulun 4-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransın əvvəlində BDU-nun rektoru Elçin Babayev “Heydər Əliyev İli” çərçivəsində universitetdə keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, ölkə mediasının da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Eyni zamanda, media fəaliyyətinin əsaslandığı qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində görülən işlər medianın inkişafına zəmin yaratdı. Vurğulanıb ki, Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Mətbuat Şurası kimi qurumların fəaliyyəti media siyasətinin məntiqi davamı və nəticəsidir.

Tədbirdə Heydər Əliyevə həsr olunmuş “BDU-nun dünya şöhrətli məzunu” adlı videoçarx nümayiş olunub.

Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Slavyan Universiteti Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə və başqaları mövzu ilə bağlı çıxış ediblər.