Naxçıvan Muxtar Respublikası Dövlət Film Fondu 2000-ci il yanvar ayında yaradılıb. İlk olaraq Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan qurum 2006-cı ildən isə Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində öz fəaliyyətini davam etdirir.

Fondda bədii, elmi-kütləvi, sənədli və animasiya filmləri olmaqla təxminən 5000 adda film var. Son illərdə fondun arxivinə 187 bədii, 46 cizgi, 60 sənədli-bədii, 140 sənədli, 11 qısametrajlı olmaqla, ümumilikdə 444 film daxil edilib.

Fondun zəngin fotoarxivi də mövcuddur ki, burada Azərbaycan kinosunu əhatə edən 11 mindən artıq fotoşəkil saxlanılır. Milli filmlərlə yanaşı, dünya kinematoqrafiyasının da bir sıra nümunələri mühafizə olunur.

2004-cü ildə fondda yaradılmış kino muzeyində Azərbaycan filmlərində istifadə olunan libaslar, silahlar, məişət əşyaları, musiqi alətləri və müxtəlif butaforlar nümayiş etdirilir. Fondun kitabxanasında kino sənətini əhatə edən nəşrlərlə yanaşı, 100-dən artıq Azərbaycan filminin ssenarisinin montaj vərəqəsi, ekran əsərlərinin istehsalına aid sənədlərin surətləri, bədii filmlərə aid fotoşəkillər mühafizə olunur. Fond lentlərin yuyulması üçün restavrasiya maşını ilə də təmin edilib.

N.Məmmədli