Gəncə Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Sabit Rəhmanın “Yalan” komediyası üzərində yaradıcılıq işinə başlanılıb.
Yalanı özünə həyat prinsipi edən meşşan xarakterli tipləri ifşa edən komediyanın səhnə tərtibatını rəssam Mehdi Hüseynov verəcək, səhnə hərəkəti və plastik həll üzrə rəssam Vüsal Mehrəliyevdir.
Yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq tamaşada rolları Əməkdar artist Kəmalə Məmmədova, aktyorlar Mətləb Təhmazi, Zəminə Cəfərova, Samir Abbasov, Sevinc Hüseynova, Nailə Əhmədova, Elmir Məmmədov, Məhəmməd Musayev, Rəşad Hüseynov və Zeynəb Hüseynova ifa edəcəklər.
Sabit Rəhmanın 1965-ci ildə yazdığı “Yalan” komediyası satirik bədii vasitələrin zənginliyi və satira poetikası baxımından zəngin ədəbi nümunədir. Quruluşçu rejissor sovet dövründən qalan əsərə yeni yanaşma tətbiq edərək fərqli səhnə işi ortaya qoymaq niyyətindədir.