Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1994-cü il 3 iyul

Prezident Heydər Əliyev Bakı metrosunda törədilmiş terror aktı ilə əlaqədar hadisə yerində  olub, 5 nömrəli şəhər klinik xəstəxanasında yaralılara baş çəkib.

 

1994-cü il 2 avqust

 

Heydər Əliyev Prezident Sarayında respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar müşavirə keçirib.

 

1994-cü il 18 sentyabr

 

Heydər Əliyev maestro Niyazinin Ev-Muzeyinin təntənəli açılış mərasimində çıxış edib.

“Bu gün respublikamızın həyatında əlamətdar gündür. Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olduğu gündür. Bu gün Üzeyir bəyin silahdaşı, professional musiqimizin yaranmasında və inkişaf etməsində ömrü boyu onunla birlikdə əvəzsiz xidmətlər göstərmiş böyük bəstəkar Müslüm Maqomayevin də anadan olduğu gündür.

On illərdir ki, sentyabrın 18-i Azərbaycanda musiqi bayramı elan olunubdur. Həm də çox sevindirici haldır ki, həyatımızın bu keşməkeşlərinə, çətinliyinə, ağırlığına baxmayaraq, mədəniyyətimiz yaşayır, mədəni irsimizə hörmət və ehtiram yaşayır. Əsla təsadüfi deyildir ki, məhz bu gün – Azərbaycanın təqviminə həkk olunmuş musiqi bayramı günü böyük bəstəkar, dahi dirijor Niyazinin ev-muzeyi açılır.

Niyazi respublikamızda da, keçmiş Sovet İttifaqında da, dünyanın ən böyük ölkələrində də tanınan, sayılan, hörmət qazanmış bir sənət ustasıdır. Niyazinin ən böyük xidməti bundan ibarətdir ki, o, həm bəstəkar kimi milli musiqimizi zənginləşdirmiş, Azərbaycanın mədəniyyətinə, milli musiqimizə böyük töhfələr vermiş və eyni zamanda, Üzeyir Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək Azərbaycanın ən görkəmli bəstəkarlarının yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görmüşdür.

O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır... Bizim başa düşdüyümüz mənada professional musiqi Avropada meydana gəlmişdir. Lakin Azərbaycan dirijoru və bəstəkarı Niyazi Avropanın mərkəzində dünya şöhrətli professional musiqiçilər qarşısında heyrətamiz səviyyədə dirijorluq etdi... Türkiyədə opera əsərlərinin, o cümlədən də Avropa, Rusiya bəstəkarlarının klassik əsərlərinin səhnə təcəssümünün əsasını Niyazi qoymuşdur. O vaxtlar, yəni Türkiyə ilə heç bir əlaqəmiz olmadığı dövrdə bunları Niyazi etmişdir. Böyük türk bəstəkarı Adnan Sayqunun “Koroğlu” operasını da məhz Niyazi səhnəyə qoymuşdur.

... Azərbaycanda mədəniyyət və elm xadimlərimizə həsr olunmuş ev-muzeylərinin yaradılmasına 70-ci illərdə başlanmışdır. Böyük bəstəkarımız, Azərbaycan xalqının fəxri və tacı olan Üzeyir Hacıbəyov 1949-cu ildə vəfat etmişdir. Amma onun həyat yolunu və yaradıcılığını əks etdirən muzey 74-cü ilədək yaradılmamışdı. Bu muzeyin yaradılmasına təşəbbüs göstərdiyim üçün özümü xoşbəxt hesab edirəm. Bununla da biz Azərbaycan xalqının həyatında gözəl bir ənənənin bünövrəsini qoyduq. Ondan sonra bir neçə ev-muzeyi yaradıldı. Böyük şairimiz Səməd Vurğunun, görkəmli dramaturqumuz, yazıçımız və şairimiz Cəfər Cabbarlının, böyük sənətkarımız, müğənnimiz, Azərbaycan operasının yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan Bülbülün ev-muzeyləri açıldı. Nəhayət, biz Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması haqqında qərar qəbul etdik.... Yadımdadır ki, biz 1980-ci ildə qərar qəbul etmişdik. Budur, aradan 14 il keçmişdir, amma ev-muzeyi bu vaxtadək yaradılmamışdır. Demək istəyirəm ki, biz nə qədər çətinlik içərisində yaşasaq da, mədəniyyətimiz gərək həmişə yüksək səviyyədə olsun. Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz. O muzeylər yaradıldı, mən əminəm ki, Cəlil Məmmədquluzadənin də, Qara Qarayevin də, Fikrət Əmirovun da, başqa mədəniyyət xadimlərimizin də ev-muzeyləri yaradılacaqdır...

Bu muzeyin mənası, əhəmiyyəti sadəcə olaraq Niyazinin həyat yolunu və yaradıcılığını təbliğ etməkdən ibarət deyildir. Azərbaycan xalqının tarixini təbliğ və əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini göstərməkdən ibarətdir...”.

 

1994-cü il 25-30 sentyabr

 

Prezident Heydər Əliyev BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edib. Sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış edib. Səfər çərçivəsində Nyu-Yorkdakı “Türk evi”ndə Amerikada yaşayan türk və azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirib, məşhur bakılı neft sahibkarı Şəmsi Əsədullayevin Amerikada yaşayan nəvəsi Züleyxa xanım Veber-Əsədullayeva ilə görüşüb.

 

1994-cü il 4 oktyabr

 

Heydər Əliyev respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar televiziya və radio vasitəsilə Azərbaycan xalqına müraciət edib. Oktyabrın 5-nə keçən gecə Prezident Sarayı qarşısında toplaşmış Azərbaycan vətəndaşlarının mitinqində çıxış edib.

 

1994-cü il 5 oktyabr

 

Prezident Heydər Əliyev “Azadlıq” meydanında keçirilən ümumrespublika həmrəylik mitinqində çıxış edib.

 

1994-cü il 17 oktyabr

 

Prezident Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının (18 oktyabr) 3-cü ildönümü münasibətilə təntənəli yığıncaqda çıxış edib.

 

1994-cü il 18-19 oktyabr

 

Heydər Əliyev İstanbulda Türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak edib.

Hazırladı: Vüqar Orxan

(davamı var)