Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti “KinoLab” layihəsinin pitçinq mərhələsi başa çatıb.

AKİ-dən verilən məlumata görə, builki layihədə 8 gənc rejissor iştirak edib. Murad Allahverdinin “Kür” sənədli film layihəsi münsif heyəti tərəfindən qalib seçilib.

“KinoLab” layihəsi sənədli kinoda ilk addımlarını atan və ya film ideyası olanlar üçündür. Gənc rejissorlar üçün yaradılan kino emalatxanasının kursunda iştirak etmək ödənişsizdir. Bundan başqa, seçilən hər bir iştirakçıya öz yeni və ya ilk film tizerini çəkmək üçün mümkün mentorluq proqramı təşkil edilir.

Qeyd edək ki, Murad Allahverdi AKİ-nin təşkil etdiyi “Qəlbdən qələmə” ssenari inkişafı üzrə yay məktəbi və “Kino istehsalı A-dan Z-yə” rejissorluq kursları layihələrinin iştirakçısı olub.