Xəbər verdiyimiz kimi, 5-15 iyul tarixlərində Gürcüstanın Ozurgeti şəhərində

IV Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı festivalda Q.Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib.

Festival çərçivəsində reallaşan tədbirlərdən biri də Avrasiya Teatrlar Birliyinin növbəti toplantısı olub. Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov birliyin üzvü kimi toplantıda iştirak edib. O, həmçinin qurumdakı digər ölkə təmsilçiləri ilə birlikdə festivalın münsiflər heyətində yer alıb.

Təəssüratını bölüşən Yusif Cəfərov bu kimi tədbirlərin yeni teatr əlaqələrinin möhkəmləndirilməsində xüsusi önəmini vurğulayıb. Qeyd edib ki, festivalda “Ən yaxşı səhnə tərtibatı”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Gürcü hekayələrinin ən yaxşı səhnə həlli”, “Ən yaxşı rejissor işi”, “Nodar Dumbadze hekayələrinin ən yaxşı səhnə həlli” nominasiyalarında mükafatlar təqdim edildi. “Sevinirəm ki, təltif olunanlar arasında Azərbaycanın teatr təmsilçiləri də vardı”, – deyə o bildirib.