“Oppenheimer” filmi dünya prokatına rekordla başlayıb

 

Britaniya-ABŞ rejissoru və ssenaristi, müasir kinoda ən gəlirli layihələrin müəllifi kimi tanınan Kristofer Nolanın “Oppenheimer” filmi nümayişə başladığı ilk həftədə bioqrafik filmlər arasında rekord göstərici əldə edib.

Ekran əsəri ABŞ-dəkı yerli nümayişlərdən (premyera 12 iyulda olub) 80 milyon dollar qazanc gətirib. Halbuki ilk həftə üçün bu göstərici 50 milyon dollar gözlənilirdi.

İlk həftədə ümumilikdə dünya prokatından əldə edilən gəlir isə 180 milyon dollara çatıb. İndiyədək bioqrafik filmlər arasında ilk həftə prokatının rekordu 2018-ci ildə 124 milyon dollarla nümayişləri başlayan “Bohemian Rhapsody” musiqili dramına məxsus idi.

Qeyd edək ki, 1945-ci ildə ABŞ-də hazırlanan ilk atom bombasının yaradıcısı, məşhur fizik Robert Oppenheimerin (1905-1967) həyatından bəhs edən film 50-dən çox ölkədə uğurlu debütünə görə Kristofer Nolanın ən böyük layihəsinə çevrilə bilib. “Universal Pictures” studiyasında çəkilən 180 dəqiqəlik filmin büdcəsi 100 milyon dollardır. “Oppenheimer”in ssenarisini (Kay Berd və Martin Şervinin kitabı əsasında) də Kristofer Nolan özü yazıb.

İndiyədək onun 10 filmi dünya prokatında ümumilikdə 7 milyard dollara yaxın gəlir gətirib, üstəlik 8 “Oskar” mükafatı qazanıb.

“Oppenheimer” filminin dünya prokatına çıxması ABŞ-nin ilk nüvə bombasının poliqon sınağının (16 iyul 1945-ci il) ildönümünə təsadüf edib. 1945-ci ilin 6 və 9 avqustunda isə amerikalılar dəhşətli silahı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atmaqla “real sınaq”dan keçirdilər. 200 min insanın həlak olduğu bu hadisəyə görə ABŞ indiyədək yapon xalqına üzrxahlıq etməyib.

V.Kamal