AKİ və ARKİ birgə bəyanat yayıblar

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşmək qərarına gəliblər. İyulun 26-da AKİ İdarə Heyətinin üzvləri və ARKİ-nin təsisçiləri Nizami Kino Mərkəzində bir araya gələrək iki yaradıcılıq təşkilatının vahid ad altında birləşməsi məqsədilə birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin qarşısında yeni ideoloji hədəflər müəyyən edib. Azərbaycan kinematoqrafçıları da reallığın çağırışı olan bu hədəflərə doğru irəliləyən mütərəqqi cəmiyyətimizin tərkib hissəsidir.

Vətən müharibəmizdə əldə etdiyimiz şanlı Qələbə bizlərə birlik nümunəsi oldu. Həm 1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının, həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətinin təməl prinsipi də həmrəyliyə xidmət etməkdir.

“Məhz buna görə də ARKİ-nin təsisçiləri və AKİ-nin İdarə Heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik.

Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbul edilmiş qərardır. Hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq və digər həmkarlarımızı da yeni və mütərəqqi idarəetmə modeli ilə fəaliyyət göstərmək təşəbbüsümüzə qoşulmağa çağırırıq”, – deyə birgə bəyanatda vurğulanır.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. 2012-ci ilin iyununda bir qrup kino xadimi yeni təşkilat (Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı) təsis edib. O vaxtdan ARKİ-yə Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir.

İki yaradıcı təşkilatın hansı ad altında birləşəcəyi və müvafiq prosedur yaxın günlərdə bəlli olacaq.