UNESCO tövsiyə verib

 

UNESCO-nun Dünya İrsi Siyahısında yer alan İtaliyanın Venesiya şəhəri təşkilatın o qədər də arzu olunmayan bölgüsünə – “Təhlükədə olan Dünya İrsi Siyahısı”na salına bilər.

UNESCO bununla bağlı tövsiyə verib. Venesiyanın iqlim dəyişikliyi, ağır turizm fəaliyyəti, həddindən artıq inkişaf və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən risk altında olduğu qeyd edilib. Vurğulanıb ki, məqsəd regionun gələcək üçün daha yaxşı qorunub saxlanılmasını təşviq etməkdir.

Tövsiyə sənədi sentyabrın sonunda Dünya İrs Komitəsinin Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, UNESCO iki il əvvəl də Venesiyanın “Təhlükədə olan Dünya İrsi Siyahısı”na salınmasını təklif etmişdi. Lakin İtaliya hökuməti tərəfindən görülən bəzi təcili tədbirlər nəticəsində bu təşəbbüsün qarşısı alınmışdı.

Venesiya dünyada yeganə şəhərdir ki, bütünlüklə UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.