ABŞ-nin “Disney” kino şirkətinin çəkdiyi “Atatürk” filmini özünün “Disney+” rəqəmsal platformasında yayımlamaq istəməsi ilə bağlı etirazlar davam edir. “Disney”in bu qərarı Amerikadakı erməni lobbisinin təzyiqi altında verdiyi bildirilir.
“Walt Disney”in Türkiyə ofisi filmin iki bölüm olaraq televiziyada və kinoteatrlarda nümayiş olunacağını, “Disney+”da isə göstərilməyəcəyini açıqlayıb.
Rejissoru Mehmet Ada Öztekin olan filmdə Türkiyə Cümhuriyyətinin qurucusunu Aras Bulut İynemli canlandırıb.
Bu arada Türkiyə Erməni Vəqfləri Birliyi də “Disney+” rəqəmsal yayım platformasının “Atatürk” filmini yayımlamaqdan imtina etməsini qınayıb.
Birliyin başqanı Bedros Şirinoğlu erməni lobbisini Türkiyə-Ermənistan normallaşma prosesini dəstəkləməyə və məsuliyyətli davranmağa çağırıb. “Türkiyə erməni icması demokratik zehniyyət, qarşılıqlı hörmət və tolerantlıq, ifadə azadlığı baxımından bu addımı son dərəcə ziddiyyətli hesab edir. Çünki açıq-aydın görünür ki, sənət və bədii istehsal amilləri cəmiyyətlər arasında dialoq üçün zəmin yarada bilər. Türkiyənin erməni icması bu münasibətin ölkəmizin dəyərləri və dövlətimizin zəmanəti altında birgə yaşamaq ənənəmizə uyğun gəlmədiyinə inanır”, – deyə o bildirib.
“Disney” kino şirkətindən verilən son açıqlamada “Atatürk” filminin 1-ci bölümünün özəl televiziya versiyasında 29 oktyabrda Türkiyədə FOX TV ekranında, 3 noyabrda isə kinoteatrlarda yayımlanacağı bildirilib. 22 dekabrda isə 2-ci film kinoteatrlarda nümayiş olunacaq. 2024-cü ilin yazında hər iki bölümün FOX TV-də göstərilməsi gözlənilir.