Həm film proqramında, həm də jüridə...

 

25-29 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək IV Lendok Beynəlxalq Film Festivalında azərbaycanlı rejissor Fariz Əhmədov da münsif kimi iştirak edəcək.

Bu barədə məlumat verən rejissor bildirib ki, festival sənədli və bədii filmlər olmaqla iki istiqamətdə keçirilir. O, sənədli filmlər üzrə kateqoriyada münsiflər heyətində olacağını deyib.

Artıq ənənə halını alan festival “Lendok” kinostudiyasının (Sankt-Peterburq Sənədli Filmlər Studiyası – keçmiş Leninqrad Kinoxronika Studiyası) təşəbbüsü ilə keçirilir.

Ötən ildə “Lendok” kinostudiyasının 90 illik yubileyi ilə bir arada gerçəkləşən sayca 3-cü festivalda postsovet ölkələrinin “qızıl kolleksiyası”ndan ekran əsərləri, o cümlədən “Azərbaycanfilm”in istehsalı olan “İstintaq” bədii filmi (1979, rejissor Rasim Ocaqov) nümayiş olunmuşdu. “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov isə festivalın jürisində yer almışdı.

Builki Lendok festivalının bədii filmlər üzrə proqramına rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” və rejissor Hikmət Rəhimovun “Çılpaq” filmləri də daxil edilib.