Özbəkistan sənətçiləri hüznlü sevgi hekayətini təqdim etdi

 

Xəbər verdiyimiz kimi, 1-4 avqust tarixlərində Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçirilir. Dost və qardaş ölkədən gələn geniş nümayəndə heyətinin tərkibində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi də var.

Qonaq kollektiv avqustun 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında hazırlanmış tamaşanı təqdim etdi.

Çoxsaylı tamaşaçılar arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, iki ölkənin mədəniyyət xadimləri vardı.

Özbək ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Abdulla Qədirinin eyniadlı romanının səhnə təcəssümü bizi onilliklər əvvələ qaytarmaqla yanaşı, müasir özbək teatrının imkanları ilə də tanış etdi. İstedadlı özbək vokalçı və aktyorlarının həzin məhəbbət dramına verdikləri səmimi səhnə həyatı tamaşaçıları təsiri altına saldı.

Məlumat üçün qeyd edək ki, tamaşa mərgilanlı gözəl Gümüş ilə daşkəndli igid Atabekin faciəli məhəbbətindən bəhs edir. Tamaşaçı həm də özbək xalqının tarixindəki ən mühüm mərhələlərdən birinə – XIX əsrin ortalarına səyahət edərək cərəyan edən hadisələr fonunda sadə özbək insanının yaşadığı mühitin onların düşüncə, duyğu və münasibətlərinə necə zərbə vurduğunu da görür.

Ən təsirli məqam isə tamaşada ülvi məhəbbətin və onunla bərabər insan xislətinə xas mənfur niyyətlərin tanınmış özbək bəstəkarı Sarvar Yusupovun musiqisi və geniş vokal imkanları olan teatr artistlərinin ifasında inandırıcı təqdimatı idi.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Bahodir Nazarov, dirijoru Akmal Torayev, quruluşçu rəssamı Cəlaləddin Rəhimov, geyim üzrə rəssamı Sərvinaz Madaminjanovadır. İki gəncin vüsala yetişər-yetişməz faciə ilə bitən məhəbbətinin səhnə ifadəçiləri isə Rəsulxan Qədirxanov (Atabek) və Marjona Abdurahmanova (Gümüş) idi. Özbək milli musiqi və folkloru nümunələrinin peşəkar orkestrin müşayiətində ifası ilə zəngin musiqili tamaşada digər rolları Əzizxan Latipov, Xamid Toxtayev, Güləsal Rəhmonova, Gülnoza Səidova, İnobat Umirova və başqaları ifa edirdilər.

Tamaşada köhnə adət-ənənələr və bunun insanların hissləri ilə yanaşı, həyatlarına da necə zərbə vurduğunu görürük. Qəhrəmanımız Atabek gözəl Gümüşə aşiq olsa da, valideynləri bu izdivaca razılıq vermir və oğullarına daha yaxşı bir gəlin seçdiklərini hesab edirlər. Bütün maneələrə rəğmən Atabek sevgisinə qovuşur, amma qısqanc Zeynəb gözəl Gümüşü zəhərləyir və aşiqlər əbədi ayrılırlar.

Bu işdə fitnəkar Həmidin də öz “əməyi”  olur. Onu tələyə salmaq istəyən Həmidi və digər düşmənlərini dəf edərək doğma evinə dönüb xoşbəxt həyat arzuları edən Atabek  sonda tamaşaçısına əbədi sevgisi haqqında təsirli nəğmələr oxuyan çarəsiz aşiq təəssüratı yaradır. Beləcə, sadə insanların ülvi hissləri üzərində qurulan çirkli oyunu və onun qurbanlarının sevgi hekayətlərinin bütün zamanlarda özünün emosional təsir gücünü itirmədiyini görürük.

Səhnə əsəri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Xüsusən də pərdələr arasındakı solo və qrup şəklində folklor nümunələrinin ifası oxşar mədəniyyətin, sənətin, musiqinin heç bir sərhəd tanımadan özünün unikal təsir imkanlarını nümayiş etdirdi.

Həmidə