Avqustun 2-də Azərbaycan kinosunun 125 yaşı tamam oldu. Azərbaycan Kinosu Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi (RMİ) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin (RGİİ) təşkilatçılığı ilə Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib. Abşeron rayon icra başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı RMİ-nin rəisi Fərid Qurbanzadə, RGİİ-nin rəis müavini Rüfət Mahmudzadə çıxış edərək kino sənətinin xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını, kino gününün təsis edilməsində Ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu bildiriblər.
Çıxışlardan sonra Ümummilli liderin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Generalın planı” filmi nümayiş etdirilib.
***
Salyan rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kinosu Günü münasibətilə tədbir təşkil edilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan kinosunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, milli kinomuzun yaranması və keçdiyi yoldan söhbət açıblar. Filmlərimizdən müxtəlif epizodlar nümayiş etdirilib, kino musiqisi nümunələri mərkəzin solistləri tərəfindən ifa olunub. Sonda “Azərbaycan kinosu – 125” adlı retro kino avadanlıqları sərgisinə baxış olub.
***
Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında “Azərbaycan milli kinosu tariximizin salnaməsidir” adlı tədbir keçirilib. Qeyd olunub ki, Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb, azərbaycançılığa, milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Tədbirin sonunda “Azərbaycan kinosu – 125” adlı sərgi nümayiş olunub.
N.Məmmədli