Rumıniyanın hakim Demokrat Liberal Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti iyulun 12-də Azərbaycan Yazıçılar Birliyində olub. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq iki ölkə arasında elmi və mədəni əlaqələrdən danışıb. Qeyd olunub ki, Azərbaycanın tanınmış ədiblərinin əsərləri Rumıniyada çap edilərək müəlliflərinə böyük şöhrət qazandırıb. Eyni zamanda, bu ölkənin də bir çox yazıçı və şairlərinin kitablarının Azərbaycanda çap olunması böyük maraqla qarşılanıb.
   Nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu deyib ki, bu gün rumınlar Bəxtiyar Vahabzadəni, Anarı, Elçini, Çingiz Abdullayevi və Azərbaycanın digər tanınmış söz adamlarını çox yaxşı tanıyırlar.
   Qeyd edək ki, qonaqlar Bakının 8-ci mikrorayonunda məşhur rumın bəstəkarı və musiqiçisi Corce Eneskunun (1881-1955) abidəsini də ziyarət ediblər. Müasir rumın bəstəkarlıq məktəbinin banisi C.Enesku opera, simfoniya və sonataları ilə dünya mədəniyyət xəzinəsinə çox böyük töhfələr verib. O, Rumıniya Elmlər Akademiyasının yaradıcılarından biri, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və rəhbəri olub.