1992-ci ildə Daşaltıda həlak olmuşdular...

 

Xəbər verdiyimiz kimi, 2021-ci ilin fevral ayında Şuşa rayonunun Daşaltı kəndi ərazisində Birinci Qarabağ müharibəsi dövrünə aid kütləvi məzar yeri müəyyən edilmişdi. Məlum olmuşdu ki, burada 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşmüş sayılan Azərbaycan hərbçilərinin bir qismi dəfn edilib. Daha sonra müvafiq ekshumasiya keçirilmiş və meyit qalıqları ilə bağlı tibbi ekspertiza və DNT nümunələri əsasında identifikasiya işləri başlanmışdı.

Bu günlərdə həmin işlərin bir hissəsi yekunlaşıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərovun bildirdiyinə görə, sözügedən ərazidə dəfn olunanlardan yeddi nəfərin kimliyi müəyyən olunub. Onlar Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayılov Baba Balakişi oğludur.

Qeyd edək ki, ümumilikdə 44 nəfər Daşaltı əməliyyatı zamanı itkin düşmüş sayılır.

Şəxsiyyəti müəyyən edilən şəhidlərin nəşi 31 il sonra doğma yurdlarında torpağa tapşırılır.

***

Onlardan biri 1968-ci il aprelin 7-də Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuş  Rüstəmov Araz Bəgi oğludur.

“Anam 91 il ömür sürdü. Bu ilin aprel ayında dünyasını dəyişdi. Ömrünün son 31 ilini oğul həsrəti ilə yaşadı. Son nəfəsinədək Arazın yolunu gözlədi. Anamız şəhid qardaşımın vaxtilə geyindiyi köynəyi qoruyub saxlamışdı. Arazın ətrini o köynəkdən alırdı. Dünyasını dəyişəndən sonra həmin köynəyi də vəsiyyətinə uyğun olaraq anamla birlikdə torpağa basdırdıq. Onun ölümündən üç ay sonra qardaşımın qalıqları Daşaltıda aşkarlandı...” – bunu Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan Araz Rüstəmovun qardaşı Hacıbaba Rüstəmov söyləyib.

Ailədə üç qardaş, bir bacı olublar. Araz ailənin sonbeşiyi idi. Qazaxıstanda hərbi xidmət keçmişdi. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Şuşa və Xankəndi ətrafındakı döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb.

Şəhid Araz Rüstəmovun nəşi Giləzi qəsəbəsində dəfn edilib.

***

Otuz bir il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları iştirak ediblər.

Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşmüş sayılırdı.  Meyitinin qalıqları Vətən müharibəsindən sonra Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

***

1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində itkin düşən Hüseynov Gülverdi Ağahüseyn oğlunun nəşi Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunub.

Mərasimdə Gülverdi Hüseynovun ailə üzvləri, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

***

Şuşanın Daşaltı kəndində şəhid olan Mikayılov Baba Balakişi oğlunun cəsədinin qalıqları Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb. O, 1969-cu il 22 sentyabrda bu kənddə doğulmuşdu.

Dəfn mərasimində Şamaxı rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

***

Daşaltı kəndində kütləvi məzarlıqda qalıqları tapılan daha bir şəhidin – Adil Niftəliyevin nəşi Xaçmaz rayonunun Kiçik Baraxum kəndində dəfn edilib.

Niftəliyev Adil Kamal oğlu 24 iyul 1966-cı ildə bu kənddə doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Malıbəyli, Kərkicahan, Kosalar kəndlərində döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatından sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

Şəhidin evində vida mərasimində və kənd qəbiristanlığında izdihamlı dəfnində rayon rəsmiləri də iştirak ediblər.