Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Şəki şəhərindəki M.K.Hacıoğlu adına Sənətkarlar evində yerli sənətkarlarla görüş keçirilib.

RMİ-nin rəisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Nargilə Qafarova bildirib ki, hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz əksini tapır. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları qədim dövrlərdən xəbər verir.

Şəbəkə ustaları Soltan İsmayılov, Hüseyn Hacımustafazadə, təkəlduz ustası Güləndam Alxasova məşğul olduqları sahələr haqqında danışıblar. Ustalar həmçinin unudulmaqda olan sənətə marağın artırılması ilə bağlı öz təkliflərini dilə gətiriblər.

Qeyd edək ki, Şəki şəhəri əsrlər boyu ipəkçilik, papaqçılıq, misgərlik, dəmirçilik, dulusçuluq, şəbəkə, ağac üzərində oyma və digər istehsal sahələri ilə məşhur olub. Şəkili sənətkarların istehsal etdikləri məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da yol tapıb.

N.Məmmədli