“Utancaq qız” Brestə də gedir...

 

8-16 sentyabr tarixlərində Belarusun Brest şəhərində XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalı keçiriləcək. Ənənəvi festivalda ölkəmiz də təmsil olunacaq.

Rusiya, Bolqarıstan, Qazaxıstan, Sloveniya, Özbəkistan və digər ölkələrin incəsənət və teatr nümayəndələrini bir araya gətirən festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev festivalın münsiflər heyətində yer alacaq.

Festivalda Akademik Musiqili Teatrın “Utancaq qız” (F.Dostoyevski) monotamaşası da nümayiş olunacaq.

Səhnə əsəri sentyabrın 10-da Əməkdar artist Şövqi Hüseynovun ifasında Brest Akademik Dram Teatrının səhnəsində təqdim olunacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Ə.Lalayev olan bu səhnə əsəri indiyə qədər bir sıra beynəlxalq festivallarda mükafata layiq görülüb.