Yay məzuniyyətindən qayıdan teatrlar yeni mövsümün açılışı üçün hazırlıqlar görürlər. Bu il 150 illik yubileyini yaşayan Azərbaycan peşəkar milli teatrının çağdaş təmsilçilərinin yeni mövsümdə, konkret olaraq 2023-cü ilin sonunadək hansı planları, sənət layihələri var? Bu dəfə paytaxtdan kənardakı teatrlara nəzər salacağıq. Başlayaq paytaxta ən yaxın sənət ocağından.

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə yeni  layihələrlə başlayır. Üstəlik, bu il teatr özünün də yubileyini – 55 yaşını qeyd edir.

Mövsümün açılışı ilə bağlı ənənəvi iclasda yaxın zamanda tamamlanması planlaşdırılan “Varlı ev” (G.Xuqayev) tamaşası, üzərində oxu məşqləri aparılan “Ezop” əsəri (G.Fiqeyredo), yeni mövsümdə təqdim olunacaq “Uçqun” (T.Cücənoğlu), xalq nağılları əsasında işlənən “Yuxu”, Azərbaycan Teatr Xadimləri İttifaqının “Klassika” festivalı üçün hazırlanan “Mühacirlər” (S.Mrojek) və s. tamaşalara dair müzakirələr aparılıb.

Kollektivin Bərdə şəhərinə planlaşdırılan qastrol səfəri barədə də danışılıb. Eləcə də teatrın bu günlərdə Laçın şəhərində nümayiş etdirdiyi “Missiya” mistik dramından da söz açılıb. Əslən Laçının Güləbird kəndindən olan Milli Qəhrəman Qorxmaz Eyvazov əsərin əsas obrazlarından biridir.

Öz səhnəsində isə kollektiv tamaşaçıları Ü.Hacıbəylinin “O olmasın, bu olsun” əsəri ilə salamlayacaq.

***

Şəki Dövlət Dram Teatrının yeni mövsüm açılışı sentyabrın 10-da Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası əsasında eyniadlı tamaşanın premyerası ilə olacaq. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Orucovadır. 

Həmçinin ilin sonunadək teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında yeni  tamaşanın hazırlanması nəzərdə tutulub. 

***

Gəncə Dövlət Dram Teatrı mövsümün ilk tamaşası kimi sentyabrın 21-də Mikayıl Mikayılovun quruluşunda A.Saqarelinin “Xanuma”sını təqdim edəcək.

Hazırda teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Sabit Rəhmanın “Yalan” tamaşasının məşqləri gedir. Premyera oktyabr ayına nəzərdə tutulub.

İlin sonunadək repertuar planına uyğun olaraq üç tamaşanın da istehsalata buraxılması nəzərdə tutulur. Bunlar Əziz Nesinin “Toros canavarı”,  Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (tamaşa Tofiq Kazımovun 100, Həsənağa Turabovun 85 illiyinə ithaf olunacaq) və dramaturq Xanım Həsənovanın uşaqlar üçün “Şənliyə gəl”  tamaşalarıdır.

Bundan əlavə, teatr oktyabrda Tural Mustafayevin quruluşunda “Kral ölür” (E.İonesko) tamaşası ilə Türkiyədə keçiriləcək iki beynəlxalq festivala qatılacaq, həmçinin eyni tamaşa ilə Azərbaycan teatrının 150 illiyi ilə əlaqədar Gürcüstana qastrola gedəcək.

***

Mingəçevir Dövlət Dram Teatrında mövsümün açılışı 21 sentyabra nəzərdə tutulub. Həmin gün gənc yazıçı Elçin Məhərrəmlinin “Yaddaş, təqvim və kukla” dram əsəri nümayiş olunacaq. 

Hazırda Əhməd Orucoğlunun “Açarını itirənlər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın stolarxası məşqləri gedir. Bundan əlavə, Xeyrəddin Qocanın “Zamanın ruzigarı” pyesi əsasında eyniadlı tamaşa da məşq mərhələsindədir. Hər iki səhnə əsərinə teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verir.

Balacaları da unutmayan yaradıcı heyət “Göyçək Fatma” xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək. Tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltandır.  

***

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümü sentyabrın 15-də Turqut Özakmanın “Adət” dramı əsasında hazırlanmış tamaşa ilə açacaq.

Yeni mövsümdə teatrın səhnəsində İdris Şamxalovun “Pərixanım”, Mirzə Fətəlinin “Hekayəti-xırs-quldurbasan” və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşaları bərpa ediləcək. 

8 Noyabr – Zəfər Günü ərəfəsində Nəriman Həsənzadənin “Qarabağ Azərbaycandır! “Qarabağnamə”m İlhamdı” tamaşa-kompozisiyasının təqdimatı da nəzərdə tutulub.

***

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə hazırdır. Kollektiv bu mövsümdə Əbdürrəhim bəy Haqverdiyevin “Müqəssir” (rejissor Abdulla Elşadlı), Çingiz Aytmatovun “Cəmilə” (rejissor İmran Əli Qurbanlı), Piter Turininin “Bu da axırı” (monotamaşa; rejissor A.Elşadlı) tamaşalarını tamamlamaqla yanaşı, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İki 23 arasında” (müəllif Q.Nəcəfzadə, rejissor E.Əskərov) səhnə işini də teatrsevərlərin ixtiyarına verəcək.

Teatr yeni mövsümə sentyabrın 24-də Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşası ilə başlayacaq.

***

Qax Dövlət Kukla Teatrı da balacaların görüşünə həvəslə hazırlaşır.  51-ci teatr mövsümünü sentyabrın 15-də açmağı düşünən yaradıcı heyət azyaşlı tamaşaçıları üçün son nümunələrindən olan “Tülkü və quyruq” nağıl-tamaşasını (O. Abdullayev) göstərəcək.

Hazırda teatrda Astrid Lindqrenin “Uzuncorab Pippi” əsəri üzərində məşqlər gedir. Bundan başqa, ilin sonunadək Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” pyesi əsasında eyniadlı tamaşa hazırlanacaq.

***

Gəncə Dövlət Kukla Teatrı isə 38-ci mövsümünü sentyabrın 16-da Üzeyir Hacıbəylinin  “Məşədi İbad” musiqili komediyası ilə açacaq. Teatr ilin sonunadək iki yeni tamaşanın premyerası nəzərdə tutulur. Bunlardan biri Gəncədə yazıb-yaradan dramaturq-şairə Aləmzər Əlizadənin “Balqabağın ay yuxusu” (quruluşçu rejissor Şamil Məmmədli), digəri isə Korney Çukovskinin “Milçək-Vizilçək” (quruluşçu rejissor Zülfiyyə Əliyeva ) əsərləridir.

***

Salyan Dövlət Kukla Teatrı da özünün yubiley – 30-cu mövsümünə başlayır. Teatr tamaşaçıları ilə görüşə sentyabrın 15-də “Kaloğlanın sərgüzəştləri” ilə gələcək.

Yaradıcı heyətin Özbəkistana qastrol səfəri də nəzərdə tutulub. Salyanlı kuklaçılar ilin sonunadək İsgəndər Coşqunun “Tülkü həccə gedir” və Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu” kukla tamaşalarını da hazırlayacaqlar.

***

Ağdam Dövlət Dram Teatrı tamaşaçıları ilə görüşə sentyabrın 15-dən sonra gələcək.

Artıq repertuardakı tamaşaların hazırlıq məşqləri ilə yanaşı, yeni səhnə nümunələri üzərində hazırlıq prosesinə də başlanılıb. İlin sonunadək sənət ocağı dörd tamaşanı teatrsevərlərə təqdim edəcək. Bunlar “Hasarın o üzü” (Ə.Əmirli, rejissor S.Əhmədov), “Tor” (T.Məmməd, rejissor K.Həsənov), “Qisas” (X.Röya, rejissor K.Həsənov) və balacalar üçün nəzərdə tutulan “Sehrli sandıq” (K.Məmmədova, rejissor E.Hümbətov) əsərləri əsasında hazırlanacaq tamaşalardır.

***

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı növbəti yaradıcılıq mövsümünə sentyabrın 22-də M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə  başlayacaq.   

Hazırda teatrda bu ilin repertuarında olan iki tamaşanın – Elçinin “Şekspir” (rejissor Həcərxanım Məmmədova) və J.B.Molyerin “Skapenin kələkləri” (rejissor Mir Qabil Əkbərov) tamaşalarının masaarxası məşqləri başlayıb. Bundan başqa, gənc rejissor Əlisahib Cəlil Xalq yazıçısı Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesini plandankənar tamaşa kimi hazırlayacaq. Tamaşalar bu ilin sonuna qədər təhvil veriləcək veriləcək.

***

Hələlik paytaxtda fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi sentyabrın 16-da Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən balaca tamaşaçıların görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.

Sentyabrın 17-də isə uşaqlar üçün “Göyçək Fatma” Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

H.Rüstəmova