Yay məzuniyyətindən sonra tamaşaçılarını qarşılamağa hazırlaşan sənət ocaqlarından biri də Azərbaycan Dövlət Kukla Teatrıdır. Uşaq və yeniyetmələrin sevimli məkanı pərdələrini yeni tədris ilinin ilk günü – sentyabrın 15-də açacaq. Həmin gün tamaşaçıları həm premyera, həm də “Oyuq” teatr-studiyasının 10 illiyinə həsr olunmuş konsert proqramı gözləyir.

Çağdaş zamanda uşaqların zövqlərini, necə deyərlər, “Z” nəslinin teatrdan nə gözlədiklərini, hüdudsuz xəyal dünyalarını səhnədən duyub ödəyə bilmək elə onların təxəyyülləri ilə ayaqlaşa biləcək yaradıcı yanaşma, kreativlik tələb edir. Azərbaycan Dövlət Kukla Teatrında mövsüm ərəfəsi yaradıcılıq prosesinə nəzər saldıqda bunun bir daha şahidi oluruq.

Hazırda teatrda iki yeni tamaşanın son məşqləri gedir. Bu barədə teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə məlumat verir: “Bildiyiniz kimi, biz milli kukla sənətimizi, müasir uşaqların teatrdan, səhnədən istəklərini onların anlayacaqları formada təqdimata məsuluq. Bu gün uşaqlar, ələlxüsus da, kiçik yaş qrupu üçün bədii nümunələr tapmaq və kukla estetikasında səhnəyə qoymaq elə də asan deyil. Çünki o yaş qrupu daha çox animasiya dilini – özü də valideynlərinin çox vaxt başları qarışsın deyə əllərinə verdikləri “ağıllı” telefonlardakı effektli oyun və animasiyaları gördükləri üçün – daha asan qavrayırlar. Amma bütün bunlara rəğmən biz bacardığımız kimi işimizin öhdəsindən gəlməyə çalışırıq. Fürsətdən istifadə edib bir daha uşaq yazıçı və dramaturqlarına müraciət edərək, əsərlərini bizə göndərmələrini xahiş edirəm”.

Teatr rəhbəri deyir ki, biz mütəmadi olaraq çağdaş yazıçıların da uşaqlar üçün yazılan əsərlərinə yer verməyə çalışırıq. Onlardan da biri balacalar arasında sevilən və tanınan uçaq yazarı Sevinc Nuruqızıdır. Elə səhnədə də o müəllifin son illər xüsusi populyarlıq qazanan “Melisa” nağıl-povesti əsasında səhnələşdirilən eyniadlı tamaşanın son məşqi idi.

Rəngarəng səhnə tərtibatı, dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın uşaqların xəyal dünyasına xitabı maraqlı işdən soraq verir.

Səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyevanın təbirincə bu, sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edir: “Tamaşa çəhrayı saçlı gəlincik haqqında hekayətdir. Onun gözü ilə həyat həqiqətlərini izləmək həyəcan və sevinc bəxş edir. Bu, həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını sübut edən sevgi hekayətidir. Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Yenidən və daha həssas. O, itkini çox erkən dadıb, sahibindən, balaca Zəhradan illər əvvəl ayrı düşüb. Amma qovuşmaq ümidini itirməyib. Onun başına gələnlər izləyənləri sürət qatarı kimi həyatın içi ilə aparmağı bacarır. Bu qatarın pəncərələrindən görünənlər isə həyatın özüdür. Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər… Biz də məhz bu sevgi və inamı uşaqlara göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışırıq”.

Birhissəli uşaq tamaşasında fərqli texnikalı kuklalardan, işıq həlli və tərtibatdan istifadə olunub. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. 6 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan tamaşada musiqi həlli də ideyanı tamamlayıb, mövzunun ifadəsini asanlaşdırır.

Teatrda məşqləri gedən növbəti səhnə işi – böyüklər üçün nəzərdə tutulan və əsasən də festivallarda nümayiş üçün hazırlanan “İtki” adlı kukla tamaşasıdır.

Tamaşanın ideya və quruluş müəllifi Anar Məmmədovun fikrincə, kukla teatrı və tamaşası deyərkən yalnız azyaşlıların nəzərdə tutulması anlayışı bizdə formalaşıb: “Olduğumuz xarici ölkələrdə, festival və müsabiqələrdə gördüyüm mənzərə bunu deməyə əsas verir ki, bizdə valideynlər, böyüklər kukla tamaşasını nədənsə, məhz uşaqların “ayağına yazırlar”. Amma bu, yanlışdır. Çünki kukla tamaşası bir janr, səhnə sənəti formasıdır. Sadəcə, təqdimat vasitəsi canlı plan, aktyor yox, kukladır. Amma xaricdə nəinki böyüklər, elə uşaqlar üçün olan kukla tamaşalarına da kütləvi maraq var. Düzdür, bizdə də valideynlər, nənə-babalar tamaşaları balacalar ilə birgə izləyirlər. Amma bu, kütləvi deyil. Elə “İtki” də bu ideyadan əmələ gəldi. Tamaşa ətrafı smartfonlardan, “ağıllı” telefonlardan asılı qalıb, diqqətdən uzaq düşən azyaşlıdan bəhs edir. O, nə qədər oynamaq, valideynləri ilə zaman keçirmək, dostları ilə əylənmək istəsə də, canlı ünsiyyətə qaçsa da, bir o qədər ətrafı artıq sosial şəbəkələrin, onlayn platformaların əsiridir. Bu isə balacanı küsdürür və o, sonda onlara təslim olur...”.

Açıq kukla oyunu texnikasında qurulan tamaşanın rəssamı Rəna Abbasovadır. Səhnə əsəri oktyabrın sonlarında tamaşaçısı ilə görüşəcək...

H.Rüstəmova